Bakı.Trend:
Dünyanın müxtəlif şəhərləri daşqınlar, sürüşmələr, yanğınlar və təhlükəsizlik sahəsindəki çağırışlarla üzləşir.
Trend xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən mətbuat konfransında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax deyib.
Onun sözlərinə görə, şəhərlər iqlim və təbii böhranların “ön cəbhəsində” yerləşir və artıq bir çox şəhərdə dağıdıcı daşqınlar, sürüşmələr və yanğınlar baş verir.
A. Rossbax qeyd edib ki, bəşəriyyət yaxın iki onillikdə urbanizasiya səviyyəsinin təxminən 50 faizdən 70 faizə yüksəlməsinə doğru irəliləyir və bu proses iqlim çağırışları, təbii fəlakətlər və münaqişələrin artması fonunda baş verir.
O vurğulayıb ki, gələcəyin dayanıqlı şəhərlərinin yaradılması üçün dünyanın yeni yanaşmalara və innovasiyalara ehtiyacı var.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.
