Bakı.Trend:
Qarabağda ilk növbədə bərpa olunan enerji mənbələrinin inteqrasiyası üçün xüsusi rəqəmsal sistem hazırlayırıq.
Bunu “Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə WUF13 çərçivəsində Trend-ə açıqlamasında deyib.
O bildirib ki, bunun üçün idarəetmə sistemin müəyyən dəyişikliklər edilir, təkmilləşdirmələr aparılır.
“Eyni konsepsiyanı Naxçıvan elektrik şəbəkələri üçün də təqdim etmək istəyirik. Digər tərəfdən, Qarabağda yeni məskunlaşan əhali üçün həm enerji effektivliyinin qorunması, həm də istismar çevikliyinin artırılması məqsədilə xüsusi çağrı mərkəzində süni intellekt əsaslı platformalar yaratmışıq. Bu kanallar vasitəsilə biz süni intellektin proqnozlaşdırma imkanlarından da istifadə etmək istəyirik.
“Azərişıq” ASC rəsmisi bildirib ki, ilk dəfə olaraq 35/0.4 kilovoltluq şəbəkələr yalnız Qarabağda qurulmağa başlanılır.
“Orada 6-10 kilovoltluq şəbəkələr olmayacaq”,- deyə o əlavə edib.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
