Əlçatan şəhər mühiti əlilliyi olan şəxslər müstəqil həyatının təməlidir - DOST Mərkəzinin direktoru

Cəmiyyət Materials 19 May 2026 13:02 (UTC +04:00)
Əlçatan şəhər mühiti əlilliyi olan şəxslər müstəqil həyatının təməlidir - DOST Mərkəzinin direktoru
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Əlilliyi olan şəxslərin müstəqil həyatı şəhər mühitinin fiziki və informasiya baxımından əlçatanlığı ilə birbaşa bağlıdır.

Trend xəbər verir ki, bunu Azərbaycan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Əlilliyi olan şəxslər üçün müstəqil həyat və inklüziv şəhərlər” adlı tədbirdə çıxışında deyib.

O qeyd edib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının dəstəyi ilə “Əlilliyi olan şəxslərin müstəqil həyat mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən təşəbbüs yüksək qiymətə layiqdir.

Elnarə Ənsarinin sözlərinə görə, əlilliyi olan şəxslər üçün müstəqil həyat evdən sərbəst çıxmaq, küçəni təhlükəsiz keçmək, ictimai nəqliyyatdan istifadə etmək, ictimai binaya və ya mağazaya daxil olmaq imkanı ilə başlayır.

“Yetərsiz əlçatanlıq əlilliyi olan şəxslərin sosial təcrid olunmasının əsas amillərindən biridir”, — deyə o bildirib.

O vurğulayıb ki, pandusların, əlçatan sanitar qovşaqlarının və digər zəruri infrastrukturun olmaması əlilliyi olan şəxslərin ictimai həyatda iştirakını məhdudlaşdırır və cəmiyyəti onların potensialı və imkanlarından məhrum edir.

Onun sözlərinə görə, inklüziv şəhərsalma dəbdəbə və ya ikinci dərəcəli məsələ deyil, hər bir inkişaf layihəsinin başlanğıc mərhələsindən nəzərə alınmalı olan fundamental zərurətdir.

“Əlçatan binanı əvvəldən layihələndirmək sonradan onu uyğunlaşdırmaqdan qat-qat asan və iqtisadi baxımdan daha səmərəlidir”, — deyə Elnarə Ənsari qeyd edib.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti