WUF13 çərçivəsində "Əlilliyi olan şəxslər üçün müstəqil həyat və inklüziv şəhərlər” mövzusunda tədbir keçirilib (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 19 May 2026 10:30 (UTC +04:00)
WUF13 çərçivəsində "Əlilliyi olan şəxslər üçün müstəqil həyat və inklüziv şəhərlər” mövzusunda tədbir keçirilib (FOTO) (YENİLƏNİB)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Bakıda "Əlilliyi olan şəxslər üçün müstəqil həyat və inklüziv şəhərlər” mövzusunda tədbir keçirilib.

Trend xəbər verir ki, sessiya “Əlilliyi olan şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyi tərəfindən təşkil olunub və inklüziv şəhər mühitinin inkişafı, əlilliyi olan şəxslərin müstəqil həyat imkanlarının genişləndirilməsi, eləcə də beynəlxalq təcrübə mübadiləsi məsələlərinə həsr edilib.

Tədbirdə nitqlə birliyin sədri Aydın Xəlilov, ADA Universitetinin nümayəndələri Nurəddin Sədili və Əmir Adəmov, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Səbinə Əliyeva, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva, Milli Məclisin səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva, İordaniyanın “I am Human” əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi cəmiyyətinin prezidenti Asiya Abdel Mütaleb Yaqhi, həmçinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari çıxış ediblər.

Panel müzakirəsi çərçivəsində iştirakçılar inklüziv şəhərlərin və müstəqil həyatın təşviqi, Azərbaycanın və Qlobal Cənub ölkələrinin modelləri, eləcə də davamlı və əlçatan şəhər inkişafı məsələlərini müzakirə ediblər.

Panel iştirakçıları arasında Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, həmçinin Seneqal və İordaniyadan olan tədqiqat və hüquq müdafiəsi təşkilatlarının nümayəndələri yer alıblar.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti