Bakı.Trend:
“ASAN Müraciət” İnformasiya Sistemi və “ASAN Müraciət” mobil tətbiqi vətəndaşlarla dövlət qurumları arasında mühüm kommunikasiya körpüsüdür.
Trend xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində “ASAN Könüllüləri” Təşkilatı Dövlət Dəstəyi Agentliyinin pavilyonunda “Şəhərləşmədə ASAN modeli: Dövlət xidmətlərinin və könüllülüyün rolu” adlı panel müzakirəsində “ASAN Müraciət” İnformasiya Sisteminin rəhbəri Əsli İbrahimli deyib.
O bildirib ki, platforma yol və nəqliyyat problemləri, ətraf mühitlə bağlı məsələlər, mühafizə və təhlükəsizlik problemləri, kommunal xidmətlərlə bağlı çətinliklər, eləcə də infrastruktur problemləri ilə bağlı müraciətləri qəbul edir:
“Ümumilikdə “ASAN Müraciət” İnformasiya Sistemi 164 müxtəlif kateqoriya üzrə müraciətləri qəbul edir.
Vətəndaşlardan müraciətlər qəbul edildikdən sonra “ASAN Müraciət” komandası onları təhlil edir və aidiyyəti dövlət qurumlarına yönləndirir. Hazırda bu sistemdə təxminən 100 dövlət qurumu iştirak edir.
O əlavə edib ki, “ASAN Müraciət” İnformasiya Sistemi yalnız problemlərin həllinə kömək etmir, eyni zamanda vətəndaşların şəhər həyatında daha fəal iştirakını təşviq edir.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
