Bakı. Trend:
İqlim dəyişikliyi ilə urbanizasiya arasındakı əlaqəni artıq əlavə şəkildə izah etməyə ehtiyac yoxdur. İki gün əvvəl baş verən güclü yağışlardan sonra hamımız iqlim dəyişikliyinin şəhər həyatına təsirini açıq şəkildə gördük.
Trend xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov WUF13 çərçivəsində sülhyönümlü iqlim fəaliyyəti mövzusunda keçirilən tədbirdə deyib.
O, WUF13 təşkilatçılarını yaranmış vəziyyətin öhdəsindən uğurla gəldiklərinə görə təbrik edib:
“Gördüyünüz kimi, ötən gün və bu gün forum öz işini fasiləsiz şəkildə davam etdirir.
Lakin bu hadisə bizə bir daha göstərdi ki, iqlim dəyişikliyi və urbanizasiya bir-biri ilə sıx bağlıdır və bu, şəhər inkişafının planlaşdırılmasına ciddi dəyişikliklər gətirir.
Hesab edirəm ki, bu məsələ artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əsas prioritetlərindən birinə çevriləcək”.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
