Bakı. Trend:
Azərbaycanın iqtisadi inkişaf strategiyası yerli və xaricdən cəlb olunan istedadların harmoniyasına əsaslanır.
Trend xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda WUF13 çərçivəsində "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, Bakı və Sumqayıt inzibati baxımdan fərqli şəhərlər olsa da, iqtisadi təhlil və bağlantılılıq baxımından vahid böyük iqtisadi məkan kimi çıxış edir. Onun sözlərinə görə, bu ərazi ölkənin ümumi daxili məhsulunun, məşğulluğunun və şəhərsalma fəaliyyətinin əhəmiyyətli hissəsini formalaşdırır.
Mikayıl Cabbarov qeyd edib ki, Bakıda həyata keçirilən “Sea
Breeze” layihəsi şəhərətrafı yeni şəhər modeli kimi çıxış edir, “Ağ
şəhər” konsepsiyası isə şəhər daxilində yeni urbanizasiya
yanaşmasını nümayiş etdirir.
Nazir əlavə edib ki, hazırda Yaxın Şərqdən olan investorlarla birgə
şəhər daxilində şəhər konsepsiyasına əsaslanan yeni layihələr də
icra olunur.
O vurğulayıb ki, paytaxtın baş planında tətbiq edilən
polisentrlik yanaşması həyat keyfiyyəti, məşğulluq, ictimai
məkanlar və bağlantılılıq məsələlərinin daha dayanıqlı iqtisadi
inkişafa çevrilməsinə xidmət edir.
"Bakı iki saatlıq uçuş məsafəsində yerləşən şəhərlər arasında həm
infrastrukturun keyfiyyəti, həm iqtisadi imkanları, həm də turizm
və yaşayış mühiti baxımından seçilir", - nazir əlavə edib.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
