Bakı.Trend:
Azərbaycanın WUF13-ə uğurla ev sahibliyi etməsini COP29-dan sonra ölkənin daha bir mühüm beynəlxalq uğurudur.
Trend xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "D-8 ölkələrinin Yüksək Səviyyəli Enerji və Urban Dialoqu" adlı tədbirdə D-8 təşkilatının Baş katibi, səfir Sohail Mahmood bildirib.
O vurğulayıb ki, hazırda dünya misli görünməmiş urbanizasiya prosesi yaşayır. BMT-nin məlumatına görə, dünya əhalisinin təxminən 56 faizi şəhərlərdə yaşayır və bu göstəricinin 2050-ci ilə qədər 70 faizə çatacağı gözlənilir.
“Şəhərlər qlobal ÜDM-in 80 faizindən çoxunu formalaşdırsa da, eyni zamanda qlobal enerji istehlakının və enerji ilə bağlı istixana qazı emissiyalarının təxminən 70 faizinə cavabdehdir. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına əsasən, şəhər infrastrukturu, soyutma sistemləri, nəqliyyat və rəqəmsal xidmətlər üzrə elektrik enerjisinə tələbat 2050-ci ilədək 75 faizdən çox artacaq”.
S. Mahmood qeyd edib ki, dayanıqlı urbanizasiya və enerji keçidi artıq ayrı-ayrı siyasət istiqamətləri deyil, bir-biri ilə sıx bağlı inkişaf prioritetləridir: “D8 ölkələri böyük gənc əhali, strateji coğrafi mövqe, artan sənaye və texnoloji potensial, həmçinin zəngin bərpa olunan enerji resurslarına malikdir. Bununla yanaşı, sürətli urbanizasiya mənzil təminatı, nəqliyyat infrastrukturu, su təhlükəsizliyi, kommunal xidmətlər, tullantıların idarə olunması və enerji tələbatı üzərində ciddi təzyiq yaradır.
İnkişaf etməkdə olan ölkələr enerji keçidi və şəhər inkişafı gündəliklərini uyğunlaşdırmaq üçün güzəştli maliyyəyə, texnologiya transferinə və beynəlxalq tərəfdaşlıqlara daha geniş çıxış əldə etməlidir”, - deyə o bildirilib.
O vurğulayıb ki, Bakıda yaradılması nəzərdə tutulan D8 Enerji və İqlim Mərkəzi siyasət dialoqu, texniki əməkdaşlıq, tədqiqat mübadiləsi və potensialın gücləndirilməsi üçün regional platforma rolunu oynaya bilər.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
