İran yaşayış binalarında günəş sistemlərini genişləndirəcək - İranlı rəsmi

Siyasət Materials 19 May 2026 17:02 (UTC +04:00)
İran yaşayış binalarında günəş sistemlərini genişləndirəcək - İranlı rəsmi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

İranda son illərdə şəhərsalma siyasətində su qıtlığı, iqlim dəyişiklikləri, suya həssas planlaşdırma və enerji istehlakının idarə olunması əsas prioritet istiqamətlərdən birinə çevrilib.

Trend xəbər verir ki, bunu İranın yollar və şəhərsalma nazirinin müavini Qulamrza Kazemian Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “D8 ölkələrinin Yüksək Səviyyəli Enerji və Urban Dialoqu” tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təxminən beş il əvvəl hazırlanmasına başlanılan yeni nəsil kompleks şəhər inkişaf planlarında bu məsələlər xüsusi yer tutur.

“Qərbi Azərbaycan əyalətində yerləşən Xomir şəhəri və digər yaşayış məntəqələri üçün hazırlanmış şəhərsalma planları məhz bu yanaşma əsasında təsdiqlənib. İsfahan üçün hazırlanan analoji planların isə İranın Şəhərsalma və Memarlıq üzrə Ali Şurası tərəfindən yaxın vaxtlarda təsdiqlənməsi gözlənilir”, – deyə o bildirib.

Nazir müavini qeyd edib ki, qlobal enerji balansı böhranının dərinləşməsi şəraitində enerji istehlakının artması və istehsal imkanlarının məhdudluğu sənaye və xidmət sektorlarında enerji təminatını çətinləşdirir.

“İranda binalar ümumi illik enerji istehlakının 40 faizindən çoxunu təşkil edir. Bu səbəbdən bina sektoru, xüsusilə elektrik enerjisinə tələbatın pik həddə çatdığı dövrlərdə enerji idarəçiliyində mühüm əhəmiyyət daşıyır”, – deyə Gholamreza Kazemian vurğulayıb.

O əlavə edib ki, ölkənin bir çox bölgəsində ildə 300-dən artıq günəşli günün müşahidə olunması bərpa olunan enerji potensialını artırır və günəş enerjisinə investisiyaların genişləndirilməsini zəruri edir.

Kazemian bildirib ki, İranın Yol və Şəhərsalma Nazirliyi Energetika Nazirliyi və Tikinti Mühəndisliyi Təşkilatı ilə birlikdə yaşayış binalarında günəş sistemlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı memorandum imzalamağa hazırlaşır.

“Layihə “Tikinti Mühəndisliyi və Nəzarət haqqında” qanun çərçivəsində icra olunacaq. Təşəbbüsün əsas məqsədi bina sektorunda enerji istehlakını azaltmaq və tikililərin enerji tələbatının müəyyən hissəsini günəş panelləri vasitəsilə təmin etməkdir. Bu məqsədlə texniki və mühəndis dəstəyi, maliyyə təşviqləri və kredit mexanizmlərinin tətbiqi nəzərdə tutulur”, – deyə o qeyd edib.

Nazir müavininin sözlərinə görə, layihənin maliyyələşdirilməsi enerji qənaəti hesabına əldə olunan vəsaitlər və İran Enerji Birjasında satılan enerji qənaəti sertifikatları vasitəsilə həyata keçiriləcək.

O xatırladıb ki, 1995-ci ildə qəbul edilən “Tikinti Mühəndisliyi və Nəzarət haqqında” qanun binaların layihələndirilməsi, tikintisi və istismarı ilə bağlı texniki standartları müəyyənləşdirir.

“Son 30 il ərzində “Enerji istehlakına qənaət” adlı 19-cu bölmə çərçivəsində binalarda enerji sərfiyyatının azaldılması istiqamətində ardıcıl tədbirlər görülüb”, – deyə o əlavə edib.

Kazemian bildirib ki, həmin bölmənin son redaksiyası “Binalarda enerji idarəçiliyi” adı altında hazırlanıb və burada layihələndirmə, tikinti və istismar mərhələlərində iştirak edən bütün tərəflər üçün məcburi öhdəliklər müəyyən olunub.

“Sənədin beşinci nəşrində ilk dəfə olaraq binaların həyat dövrü üzrə qiymətləndirmə sistemi tətbiq edilib və yaşıl bina reytinqi üzrə A, B, C və D səviyyələri müəyyənləşdirilib. Yeni yanaşmaya əsasən, enerji səmərəliliyi həm normativ göstəricilər, həm də enerji performansının simulyasiyası əsasında qiymətləndirilir”, – deyə Qulamrza Kazemian qeyd edib.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti