Bakı. Trend:
Şəhərsalma sahəsində İran və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.
Bunu WUF13 çərçivəsində İranın yol və şəhərsalma nazirinin müavini Qulamrza Kazemian Şirvan Trend-ə müsahibəsində deyib.
O, Azərbaycan və İran arasında şəhərsalma sahəsində əməkdaşlıq perspektivlərindən danışıb.
Nazir müavini əvvəlcə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edərək bildirib ki, belə beynəlxalq tədbirlər region ölkələri arasında təcrübə mübadiləsi üçün mühüm platformadır: “Azərbaycan hökumətinə WUF13-ün təşkilinə görə təşəkkür edirik. Bu konfransın bizim ölkəmizə yaxın bir məkanda keçirilməsi sevindiricidir"
Qulamrza Kazemian Şirvan qeyd edib ki, İran və Azərbaycan arasında tarixi və mədəni əlaqələr şəhərsalma və memarlıq sahəsində də oxşar yanaşmaların formalaşmasına səbəb olub: “İran və Azərbaycan arasında şəhərsalma və memarlıq sahəsində tarixi köklərə və mədəni oxşarlıqlara əsaslanan çoxsaylı ortaq cəhətlər var. Bu, şəhər inkişafı sahəsində daha geniş əməkdaşlığa imkan yaradır".
Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq şəhər inkişaf planlarının hazırlanması, yaşayış məhəllələrinin salınması, böyük və kiçik tikinti layihələrinin icrası kimi istiqamətləri əhatə edə bilər: “Şəhər inkişaf planlarının hazırlanması, şəhərsalma layihələrinin icrası, mənzil tikintisi və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. İran bu sahədə həm dövlət, həm də özəl sektor üzrə geniş təcrübəyə malikdir və bu imkanlar Azərbaycanla bölüşülə bilər. İranda şəhərsalma üzrə konsaltinq, memarlıq və tikinti şirkətlərinin geniş təcrübəsi var və biz bu imkanları bölüşməyə hazırıq".
O, Azərbaycanın da son illərdə şəhərsalma və memarlıq sahəsində mühüm təcrübə qazandığını vurğulayaraq əməkdaşlıq üçün qarşılıqlı marağın olduğunu qeyd edib: “Azərbaycanın, xüsusilə son illərdə şəhərsalma və memarlıq sahəsində mühüm təcrübələri var. Bu, dövlət qurumları, özəl sektor və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq üçün əsas yaradır".
Qulamrza Kazemian Şirvan əlavə edib ki, hazırda iki ölkə arasında əsas əməkdaşlıq elmi və tədqiqat xarakteri daşıyır, lakin gələcəkdə bu əlaqələrin daha praktik layihələrə çevrilməsi planlaşdırılır.
O, həmçinin Qarabağ bölgəsində həyata keçirilən şəhərsalma layihələrinin və Xəzər dənizi sahilindəki şəhərsalma təcrübələrinin qarşılıqlı öyrənilməsi imkanlarına toxunub: “Hazırda əməkdaşlıq əsasən elmi-tədqiqat xarakterlidir, lakin biz bu əlaqələrin layihə və icra səviyyəsinə keçməsini istəyirik".
Nazir müavini bildirib ki, yaxın gələcəkdə iki ölkə arasında şəhərsalma və memarlıq sahəsində əməkdaşlığa dair memorandumun imzalanması gözlənilir: “İnşallah, İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi ilə Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq".
Sonda o, iki ölkə arasında şəhərsalma sahəsində əməkdaşlığın genişlənməsinin regional inkişaf və təcrübə mübadiləsinə mühüm töhfə verəcəyini vurğulayıb.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
