Bakı.Trend:
“Bakı Fəaliyyət Çağırışı” sənədi mənzil təminatı, dayanıqlı şəhər inkişafı və urbanizasiya sahəsində gələcək istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyacaq.
Trend xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Yüksək Səviyyəli Şəhər Dialoqunda Ümumdünya Şəhərsalma Forumunun (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O, Azərbaycanın yenidənqurma və bərpa istiqamətində həyata keçirdiyi layihələrə də toxunub.
“Bu sahədə Qarabağ və Şərqi Zəngəzurun bərpası xüsusi yer tutur. Uzun illər davam edən işğal və dağıntılardan sonra məqsədimiz yalnız əvvəlki vəziyyəti bərpa etmək deyil, “build back better” prinsipi əsasında tamamilə yeni şəhər və kəndlər inşa etməkdir. Bu yanaşma ağıllı şəhər və ağıllı kənd konsepsiyalarına, yaşıl enerji həllərinə və insan mərkəzli dizayn prinsiplərinə əsaslanır”, - deyə o qeyd edib.
Komitə sədri əlavə edib ki, iqlim dəyişiklikləri və yaşıl tikinti sahəsində də mühüm addımlar atılır.
“Hazırda beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın yaşıl tikinti üzrə yol xəritəsi hazırlanır”,-deyə Anar Quliyev vurğulayıb.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
