Bakı. Trend:
Bakı daha bir dəfə qlobal gündəliyin əsas ünvanına çevrildi. Mayın 18-də paytaxtda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılış mərasimi keçirildi və bununla Azərbaycan təkcə daha bir beynəlxalq tədbirə ev sahibliyi etmədi, həm də özünü urbanizasiya, dayanıqlı inkişaf və şəhərsalma gündəliyinin müzakirə olunduğu qlobal platformanın mərkəzi kimi təqdim etdi.
Bunu Trend-ə politoloq Azər Qarayev deyib.
"Əslində, WUF13-ün Bakıda keçirilməsi təsadüfi seçim deyil. Son illər Azərbaycan beynəlxalq tədbirlərin təşkili sahəsində formalaşdırdığı təcrübə, siyasi sabitlik, təhlükəsizlik mühiti və yüksək səviyyəli infrastruktur imkanları ilə etibarlı tərəfdaş imicini möhkəmləndirib. COP29 kimi nəhəng qlobal tədbirə ev sahibliyi etmiş, illərdir Formula 1 Azərbaycan Qran-Prisini yüksək səviyyədə təşkil edən Bakı artıq böyük tədbirlərin keçirilməsi baxımından özünü sübut etmiş şəhərlər sırasında dayanır. Prezident İlham Əliyevin WUF13-ün açılış mərasimində dediyi kimi, forum COP29-dan sonra Azərbaycanın ev sahibliyi etdiyi ikinci ən böyük beynəlxalq tədbirdir. Dövlət başçısı xüsusi vurğuladı ki, forum rekord sayda iştirakçı ilə yadda qalır: "Bu səhər mənə verilən məlumata görə, 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bununla belə, bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir". Bu rəqəmlər təkcə tədbirin miqyasını deyil, həm də Bakının artan beynəlxalq cəlbediciliyini göstərir. Bir vaxtlar əsasən regional mərkəz kimi qəbul olunan Azərbaycan paytaxtı bu gün qlobal siyasi, iqtisadi və humanitar gündəliyin formalaşdığı məkanlardan birinə çevrilib", - o bildirib.
Onun sözlərinə görə, WUF13-ün açılış mərasimi də bu mənada Azərbaycanın təşkilatçılıq bacarığının nümayişi oldu.
"Dövlət və hökumət başçılarının, beynəlxalq təşkilat rəhbərlərinin, şəhərsalma və urbanizasiya üzrə ekspertlərin iştirakı ilə keçirilən tədbir yüksək səviyyədə təşkil edildi. Açılış çərçivəsində mədəni proqramın təqdim olunması, Azərbaycanın tarixi və müasir inkişafını əks etdirən videoçarxların nümayişi forum iştirakçılarına ölkə haqqında daha geniş təsəvvür formalaşdırdı. Bakının bu cür tədbirləri uğurla keçirmək bacarığı artıq uzun illərin təcrübəsinə əsaslanır. Formula 1 yarışları zamanı dünyanın diqqətini üzərinə çəkən paytaxt, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Qoşulmama Hərəkatının Zirvə Görüşü, COP29 və digər beynəlxalq tədbirlər zamanı logistika, təhlükəsizlik və təşkilati imkanlarını dəfələrlə nümayiş etdirib. Bu baxımdan WUF13 Azərbaycanın artıq formalaşmış beynəlxalq reputasiyasının növbəti təsdiqi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin forum çərçivəsindəki çıxışı isə təkcə tədbirin açılış nitqi deyil, həm də Azərbaycanın şəhərsalma fəlsəfəsinin təqdimatı oldu. Dövlət başçısı Bakının qədim tarixlə modern inkişafın vəhdətini əks etdirdiyini xüsusi vurğuladı:
"Əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz". Bu fikir əslində son illərdə Bakının inkişaf modelinin qısa ifadəsi sayıla bilər", - o bildirib.
A.Qarayev əlavə edib ki, bir tərəfdən tarixi irsin qorunması, digər tərəfdən isə müasir urbanizasiya standartlarına uyğun inkişaf - Azərbaycanın şəhərsalma siyasətində əsas prioritetlərdən biri kimi təqdim olunur. İçərişəhərdən Ağ Şəhərə, yenilənmiş bulvardan müasir nəqliyyat infrastrukturuna qədər Bakı həm tarixi kimliyini qorumağa, həm də çağdaş meqapolis modelinə uyğunlaşmağa çalışır.
"Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma prosesi oldu. WUF13 kimi beynəlxalq platformada Azərbaycanın postmünaqişə dövründə gördüyü işlərin təqdim edilməsi mühüm siyasi mesaj kimi diqqət çəkdi. Dövlət başçısı işğal illərində Ağdamın beynəlxalq müşahidəçilər tərəfindən “Qafqazın Xirosiması” adlandırıldığını xatırladaraq, hazırda həyata keçirilən Böyük Qayıdış proqramından danışdı. Prezident İlham Əliyev bildirdi ki, son beş ildə bölgədə 70 kilometr tunel çəkilib, 500 körpüdən 435-i inşa olunub, elektrik stansiyaları, məktəblər, xəstəxanalar, dəmir yolları və üç beynəlxalq hava limanı tikilib. Dövlət başçısının sözlərinə görə, hazırda 85 mindən çox azərbaycanlı keçmiş məcburi köçkün olaraq öz doğma torpaqlarında yaşayır, işləyir və təhsil alır. Bu mesaj təsadüfi deyildi. Azərbaycan WUF13 platformasından istifadə edərək, şəhərsalma məsələsində yalnız nəzəri baxışlar təqdim etmədiyini, eyni zamanda, praktiki və genişmiqyaslı bərpa təcrübəsinə malik olduğunu göstərməyə çalışdı. Qarabağdakı “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, müasir planlaşdırma yanaşmaları urbanizasiya sahəsində Azərbaycanın öz modelini yaratmaq niyyətindən xəbər verir", - o bildirib.
Politoloq qeyd edib ki, forumun siyasi-diplomatik tərəfi də diqqətdən kənarda qalmadı.
"WUF13 çərçivəsində Bakıya müxtəlif ölkələrdən dövlət və hökumət başçıları, yüksək səviyyəli nümayəndə heyətləri gəldi. Prezident İlham Əliyevin keçirdiyi çoxsaylı görüşlər forumun təkcə şəhərsalma platforması deyil, eyni zamanda, mühüm diplomatik məkan rolunu oynadığını göstərdi. Serbiya Prezidenti Aleksandar Vuçiç, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Bolqarıstan Prezidenti İliyana Yotova, Çin Xalq Respublikası Dövlət Şurası Baş nazirinin müavini Can Quoçin və digərləri ilə keçirilən görüşlərdə həm WUF13-ün əhəmiyyəti vurğulandı, həm də ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə edildi. Xüsusilə diqqət çəkən məqamlardan biri odur ki, forum iştirakçılarının böyük əksəriyyəti Bakıda keçirilən tədbirin yüksək səviyyədə təşkilini vurğulayaraq Prezident İlham Əliyevi təbrik etdilər. Bu isə Azərbaycanın artıq qlobal tədbirlərin təşkilatçısı kimi formalaşmış nüfuzunun beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir", - A.Qarayev bildirib.
Onun sözlərinə görə, WUF13 bir daha nümayiş etdirdi ki, Bakı artıq yalnız coğrafi baxımdan Avropa ilə Asiyanın qovşağında yerləşən şəhər deyil. Paytaxt həm də siyasi dialoqun, qlobal çağırışların müzakirəsinin və beynəlxalq əməkdaşlığın vacib platformalarından birinə çevrilib.
"Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi bir fikir isə forumun ümumi fəlsəfəsini ifadə edirdi: "Biz inkişafda, insanlarımız üçün daha yaxşı şəraitin yaradılmasında, müasirləşmədə cəsur olmalıyıq. Lakin eyni zamanda, tarixi irsimizin qorunmasına gəldikdə, çox ehtiyatlı olmalıyıq". Məhz bu yanaşma Azərbaycanın son illərdə həyata keçirdiyi inkişaf modelinin əsas mahiyyətini göstərir: modernləşmə və milli kimliyin qorunması arasında balans yaratmaq.
WUF13-ün Bakıda keçirilməsi yalnız bir neçə günlük beynəlxalq tədbir kimi qiymətləndirilə bilməz. Bu forum Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsi, şəhərsalma və dayanıqlı inkişaf sahəsində təcrübəsinin təqdim olunması, eyni zamanda, ölkənin diplomatik nüfuzunun daha da möhkəmləndirilməsi baxımından mühüm hadisədir. Bir daha aydın görünür ki, Bakı böyük tədbirlərə ev sahibliyini yüksək peşəkarlıq və strateji baxışla həyata keçirir. COP29-dan WUF13-ə uzanan yol isə Azərbaycanın qlobal səviyyədə artan rolunun növbəti təsdiqidir", - politoloq əlavə edib.
