Bakı. Trend:
Koalisiya yanaşması olmadan qlobal mənzil böhranını həll etmək mümkün deyil.
Trend xəbər verir ki, bunu UN-Habitat-ın Regional proqram bölməsinin direktoru Patrik Kanaqasingam Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu çərçivəsində baş tutan “Mənzil- qlobal koalisiyaların mərkəzində” adlı sessiyada deyib.
O qeyd edib ki, mənzilin əlçatanlığı məsələləri getdikcə daha çox müxtəlif ölkələrdə seçkilər də daxil olmaqla siyasi proseslərə, həmçinin əhalinin sosial-iqtisadi vəziyyətinə təsir göstərir.
Onun sözlərinə görə, mənzil problemləri qeyri-rəsmi tikinti, bərabərsizlik, iqlimə qarşı həssaslıq və infrastruktur çatışmazlığı kimi amillərlə sıx bağlıdır.
“Mənzil sistemləri iqtisadiyyatın məhsuldarlığına, miqrasiyaya, dövlət maliyyəsinə və şəhərlərin dayanıqlılığına birbaşa təsir göstərir. Heç bir dövlət və ya institut qlobal mənzil böhranını təkbaşına həll edə bilməz. Buna görə də hökumətlərin, yerli idarəetmə orqanlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin iştirakı ilə koalisiya və sektorlararası həllər zəruridir”, – deyə o bildirib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.
