Bakı.Trend:
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycanda səfərdə olan Ukraynanın aparıcı ali təhsil müəssisələrindən biri – Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru, texnika elmləri doktoru, professor Aleksey Dniprovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
Səfər çərçivəsində AzMİU-da iki universitet arasında əməkdaşlıq
perspektivlərinə həsr olunmuş geniştərkibli görüş keçirilib.
Görüşdə AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə
Məmmədova universitetin fəaliyyəti, beynəlxalq əlaqələri, elmi
potensialı, müasir tədris imkanları və strateji inkişaf
istiqamətləri barədə qonaqlara ətraflı məlumat verib.
Professor Gülçöhrə Məmmədova çıxışında bildirib ki, WUF13 kimi
nüfuzlu qlobal platformanın Bakıda keçirilməsi Azərbaycan üçün
olduğu qədər, ölkənin aparıcı memarlıq və inşaat ali təhsil
müəssisəsi olan AzMİU üçün də xüsusi əhəmiyyət daşıyır. Rektor
vurğulayıb ki, forum şəhərsalma, dayanıqlı inkişaf, innovativ urban
yanaşmalar və beynəlxalq akademik əməkdaşlıq baxımından yeni
imkanlar yaradır.
AzMİU rektoru qeyd edib ki, universitet Azərbaycanın memarlıq,
inşaat mühəndisliyi, şəhərsalma, dizayn, mühəndis kommunikasiya
sistemləri və texnologiya sahələri üzrə aparıcı ali təhsil
müəssisəsi kimi ölkənin inkişaf prioritetlərinə uyğun
yüksəkixtisaslı kadr hazırlayır. Bildirilib ki, işğaldan azad
olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və
quruculuq layihələri bu istiqamətlər üzrə mütəxəssislərə olan
tələbatı daha da artırıb və AzMİU bu prosesdə elmi və akademik
potensialı ilə fəal iştirak edir.
Professor Gülçöhrə Məmmədova Azərbaycanın postmünaqişə dövründə
qazandığı şəhərsalma təcrübəsindən də bəhs edərək qeyd edib ki,
azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd”
konsepsiyaları əsasında tamamilə yeni yaşayış məkanları
formalaşdırılır, müasir infrastruktur yaradılır, şəhər və kəndlərin
baş planları hazırlanaraq icra olunur. Bu prosesin həm elmi, həm də
praktiki baxımdan gələcək mütəxəssislər üçün mühüm təcrübə məktəbi
olduğu vurğulanıb.
Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru, professor
Aleksey Dniprov isə çıxışında WUF13-ün beynəlxalq akademik
ictimaiyyət üçün mühüm dialoq platforması olduğunu bildirib. O qeyd
edib ki, müasir dünyada şəhərsalma, davamlı tikinti və urban
təhlükəsizlik məsələləri yalnız lokal deyil, qlobal əməkdaşlıq
tələb edən çağırışlardır və bu baxımdan Bakıda keçirilən forum
xüsusi əhəmiyyət daşıyır.
Professor Aleksey Dniprov AzMİU ilə əməkdaşlığa böyük önəm verdiklərini bildirərək deyib ki, universitetlər arasında münasibətlər yalnız formal tərəfdaşlıq deyil, real akademik nəticələr doğuran davamlı əməkdaşlıq modeli olmalıdır. O, Ukraynada müharibənin yaratdığı ağır nəticələr, infrastrukturun dağıdılması və yenidənqurma ehtiyaclarının memarlıq və inşaat təhsili üçün yeni çağırışlar formalaşdırdığını qeyd edib. Azərbaycanın postmünaqişə dövründə bərpa və yenidənqurma təcrübəsinin bu baxımdan Ukrayna üçün də maraqlı və faydalı olduğunu vurğulayıb.
Görüş zamanı tərəflər memarlıq, inşaat mühəndisliyi, şəhərsalma, elmi-tədqiqat fəaliyyəti, müəllim və tələbə mübadiləsi, birgə akademik proqramlar, beynəlxalq layihələr və ikili diplom imkanları üzrə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Müzakirələrin yekununda Azərbaycan Memarlıq və İnşaat
Universiteti ilə Kiyev Milli İnşaat və Memarlıq Universiteti
arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum iki universitet arasında müəllim və tələbə mübadiləsi,
birgə elmi-tədqiqat layihələrinin icrası, beynəlxalq konfrans və
seminarların təşkili, ortaq akademik proqramların hazırlanması,
innovativ tədris və idarəetmə təcrübələrinin paylaşılması, eləcə də
ikili diplom proqramlarının inkişafı istiqamətlərində əməkdaşlığı
nəzərdə tutur.
Görüş çərçivəsində qonaq nümayəndə heyəti AzMİU-nun tədris
korpusları, laboratoriyaları və müasir infrastruktur imkanları ilə
də tanış olub.
Qeyd edək ki, bu Memorandum WUF13 çərçivəsində formalaşan
beynəlxalq akademik tərəfdaşlıqların genişlənməsi, AzMİU-nun qlobal
elmi-təhsil məkanında mövqeyinin möhkəmləndirilməsi və gələcək
birgə layihələr üçün yeni imkanların yaradılması baxımından mühüm
əhəmiyyət daşıyır.
