Enerji transformasiyası və şəhərsalma siyasəti bir-birini tamamlayan sahələrdir - Hasan Suver

Siyasət Materials 19 May 2026 16:48 (UTC +04:00)
Enerji transformasiyası və şəhərsalma siyasəti bir-birini tamamlayan sahələrdir - Hasan Suver
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün enerji transformasiyası ilə şəhərsalma siyasəti bir-birini tamamlayan əsas istiqamətlərdən birinə çevrilib.

Trend xəbər verir ki, bu fikirləri Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Hasan Suver Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Yüksək Səviyyəli Enerji və Şəhər Dialoqu”nda səsləndirib.

Onun sözlərinə görə, WUF13 çərçivəsində yalnız şəhərlərin mövcud problemləri və ehtiyacları müzakirə olunmur.

“Biz burada həm də gələcək nəsillərə miras qoyacağımız yaşayış məkanlarını, iqlim dəyişikliklərinə qarşı ortaq dayanıqlılığımızı və D8 ölkələri olaraq davamlı inkişaf baxışımızı müzakirə etmək üçün bir araya gəlmişik. Türkiyə D8-i yalnız iqtisadi əməkdaşlıq platforması kimi deyil, eyni zamanda ekoloji həmrəyliyin, yaşıl inkişafın və ortaq gələcək vizyonunun gücləndirilməsi üçün strateji platforma kimi qiymətləndirir”, – deyə o bildirib.

Nazir müavini vurğulayıb ki, enerji transformasiyası və şəhərsalma siyasəti artıq paralel deyil, qarşılıqlı şəkildə bir-birini tamamlayan sahələrdir.

“Enerji səmərəliliyi yüksək binalar, təmiz nəqliyyat sistemləri, bərpa olunan enerji infrastrukturu, ağıllı şəhər texnologiyaları, yaşıl infrastruktur və davamlı mənzil layihələri gələcəyin şəhərlərini formalaşdıran əsas amillərdir”, – deyə Hasan Suver əlavə edib.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti