Kaliforniyada Azərbaycan icması ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 19 May 2026 16:24 (UTC +04:00)
Kaliforniyada Azərbaycan icması ilə görüş keçirilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-də səfərdə olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Kaliforniya ştatının San-Fransisko və ətraf şəhərlərində yaşayan azərbaycanlılarla görüş keçirib.

Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev iştirakçıları səmimi salamlayaraq, Komitənin çoxşaxəli fəaliyyət istiqamətləri, diaspor təşkilatlarını vahid platformada birləşdirən Koordinasiya Şuraları, Azərbaycan Evləri, həftəsonu Azərbaycan məktəbləri, Diaspor Gənclərinin Yay düşərgələri və digər irimiqyaslı layihələr barədə danışıb. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi tövsiyələri xatırladan sədr müavini ABŞ-də yaşayan azərbaycanlıların ölkəmizin zəngin mədəni irsinin, dilimizin qorunmasında xüsusi rol oynadığını vurğulayıb. Vətən müharibəsi və postmüharibə dövründə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdikləri fəallığa və vətənpərvərliyə görə Kaliforniyada yaşayan soydaşlarımıza təşəkkürünü ifadə edib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Vüqar Qurbanov çıxışında Kaliforniyadakı Azərbaycan icmasının fəallığını yüksək qiymətləndirib. Qeyd edib ki, Kaliforniya ştatında yaşayan azərbaycanlıların böyük hissəsi San-Fransisko, San-Xose və ətraf şəhərlərdə məskunlaşıb, gənclərimiz isə əsasən elm və İT sahələrində fəaliyyət göstərir.

Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Nurlan Şükürlü və təşkilatın təsisçisi Həmid Azəri mərkəzin fəaliyyəti, əldə olunan nəticələr barədə məlumat verib.

Kaliforniya ştatında fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri və Azərbaycan icmasının fəalları Azərbaycan diasporunun təşkilatlanması istiqamətində aparılan ardıcıl, məqsədyönlü və sistemli işin nəticələrindən danışıblar, əldə olunan nailiyyətləri diqqət çatdırıblar. Soydaşlarımız Kaliforniyada yaşayan azərbaycanlıları bir araya topladığına, onları daim diqqət mərkəzində saxladığına və problemləri ilə yaxından maraqlandığına görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür ediblər. Bundan sonra da yaşadıqları ölkədə Azərbaycanın haqlı mövqeyini müdafiə edəcəklərini, Azərbaycan xalqının və dövlətinin maraqlarını daim uca tutacaqlarını bildiriblər.

Tədbirdə Kaliforniyadakı Azərbaycan icmasının fəal üzvlərindən, mədəniyyətimizin tanınan simalarından biri olan mərhum Sevinc Kərimovanın müəllifi olduğu "Birlikdə" videoçarxı nümayiş etdirilib, qələmə aldığı "Özünə səyahət" kitabı haqqında məlumat verilib.

“Tarix dərsi” və "Qarabağ Azərbaycandır" adlı videoçarxlar böyük maraqla izlənilib.

Daha sonra Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin incəsənət üzrə direktoru Anar Allahverdov mərkəzin nəzdindəki rəqs və "Sounds of Fire" nağara qrupunun yerli və beynəlxalq festivallarda uğurlu çıxışlarından danışıb. Həmin qruplar səhnədə ifaları ilə qonaqlara zövqlü musiqi dəqiqələri bəxş edib.

Qarşılıqlı fikir mübadiləsi və soydaşlarımızın suallarının cavablandırılması ilə davam edən icma görüşü ABŞ-dəki azərbaycanlıların şəbəkələşməsi və təşkilatlanması istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti