Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib

Siyasət Materials 19 May 2026 17:32 (UTC +04:00)
Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 19-da Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri ilə BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) İctimai işlər, şəhərsalma, nəqliyyat və turizm komitəsinin sədri Adil Karaismailoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Azərbaycan ilə Türkiyə arasında münasibətlərin ortaq tarix, milli-mənəvi dəyərlər və sarsılmaz qardaşlıq prinsipləri üzərində qurulduğunu bildirib. Qeyd olunub ki, dövlət başçıları arasında yüksək səviyyəli münasibətlər ikitərəfli əməkdaşlığın bütün sahələrdə inkişafına mühüm təkan verir. Komitə sədri, həmçinin 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin xalqımız tərəfindən daim yüksək qiymətləndirildiyini vurğulayaraq, ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin dünyaya nümunə olduğunu qeyd edib.

Bu günlərdə Bakıda keçirilən WUF13 tədbirinin əhəmiyyətindən danışan Siyavuş Novruzov, Türkiyənin şəhərsalma və regional inkişaf sahəsində zəngin təcrübəyə malik olduğunu qeyd edərək, bu istiqamətdə təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

TBMM-nin İctimai işlər, şəhərsalma, nəqliyyat və turizm komitəsinin sədri Adil Karaismailoğlu göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, “bir millət, iki dövlət” prinsipinin Azərbaycan ilə Türkiyə arasında münasibətlərin əsasını təşkil etdiyini vurğulayıb. Qonaq Bakıda keçirilən WUF13 tədbirinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, Azərbaycanın ev sahibliyi ilə keçirilən belə mötəbər beynəlxalq tədbirlərin ölkəmizin artan nüfuzunun və beynəlxalq əməkdaşlığa verdiyi önəmin göstəricisi olduğunu bildirib.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və müasir şəhərsalma işlərini yüksək qiymətləndirən komitə sədri, həmçinin Zəngəzur dəhlizi və Orta Dəhlizin əhəmiyyətinə toxunaraq, bu layihələrin region ölkələri arasında əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini bildirib.

Görüşdə çıxış edən Regional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov, deputatlar Elman Məmmədov, Kamran Bayramov, Vasif Qafarov, Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım, TBMM-nin üzvləri Cem Avşar, Hüseyin Yıldız, Hulusi Şentürk və Mervan Gül Azərbaycan–Türkiyə münasibətlərinin qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında inkişaf etdiyini vurğulayaraq, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyindən danışıblar.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti