Qlobal urbanistik gündəlik beynəlxalq inkişaf siyasətinin əsas hissəsinə çevrilib - BMT

İqtisadiyyat Materials 19 May 2026 15:04 (UTC +04:00)
Qlobal urbanistik gündəlik beynəlxalq inkişaf siyasətinin əsas hissəsinə çevrilib - BMT
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Qlobal urbanistika gündəliyi beynəlxalq inkişaf siyasətinin əsas hissəsinə çevrilib.

Trend xəbər verir ki, bunu BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin (SDSN) direktoru Ceffri Saks Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan mətbuat konfransında deyib.

“Şəhərlərin uğuru bütövlükdə dünya inkişafının dayanıqlılığı ilə birbaşa bağlıdır”, – deyə o bildirib.

Saks qeyd edib ki, SDSN dünya üzrə 2000-dən çox universiteti birləşdirir və təxminən 170 ölkəni əhatə edir.

“Şəbəkə 14 il əvvəl BMT-nin keçmiş Baş katibi Ban Ki Munun iştirakı ilə yaradılıb və BMT-nin hazırkı rəhbərliyi ilə tərəfdaşlıq çərçivəsində fəal şəkildə inkişaf etməyə davam edir. SDSN dünya üzrə 2000-dən çox universiteti birləşdirərək 170-dən artıq ölkəni əhatə edir. Məqsədimiz BMT-yə üzv olan bütün 193 dövlətdə təmsil olunmaqdır”, — deyə o bildirib.

Onun sözlərinə görə, şəbəkənin fəaliyyəti akademik və tədqiqat institutlarının iştirakı vasitəsilə dünya əhalisinin 90 faizindən çoxunu əhatə edir.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti