Bakı.Trend:
Uzun illər ərzində Azərbaycan qonşu ölkənin müharibə və işğalı ilə üzləşib. Azərbaycanın ərazilərinin 23 faizi işğal olunmuşdu. Bu, İkinci Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar böhranlarından birinə səbəb olmuşdu.
Trend xəbər
verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin
köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev WUF13 çərçivəsində keçirilən
“Mənzil qlobal koalisiyaların mərkəzində” adlı panel
müzakirəsində
deyib.
H.Hacıyev qeyd edib ki, həmin dövrdə Azərbaycan bir milyon qaçqın və məcburi köçkün problemi ilə qarşılaşıb: “Onların hamısı öz evlərindən, yaşayış şəraitindən və sosial imkanlarından məhrum olmuşdu.
Həmin dövrdə Azərbaycan ciddi iqtisadi problemlər və inkişaf çətinlikləri ilə üz-üzə idi. Buna baxmayaraq, hökumət qaçqınlar üçün çadır şəhərciklərində sığınacaqlar yaratmağa məcbur oldu. Bir milyon qaçqının yerləşdirilməsi üçün üç yüzdən çox yaşayış məntəqəsindən istifadə edildi”.
Prezidentin köməkçisi qeyd edib ki, bu mənzil proqramı Azərbaycanın geosiyasi və münaqişə sonrası urbanizm kontekstində həyata keçirilirdi: “Hökumət qaçqın və məcburi köçkünlərə sığınacaq, əlçatan yaşayış şəraiti və əsas xidmətlər təqdim etməyi öhdəsinə götürmüşdü.
Eyni zamanda, məcburi köçkünlərə müxtəlif dövlət güzəştləri də təqdim olunurdu. Lakin onların Azərbaycan hökumətindən əsas tələbi təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq idi.
O dövrdə mövcud şəraiti nəzərə alaraq Azərbaycan hökuməti unikal addım atdı və qaçqınlar və məcburi köçkünlər üçün 300 min mənzil və ev tikdi. Məqsəd insanların layiqli şəraitdə yaşamasını təmin etmək idi.
Çünki hər bir dildə “mənim evim” ifadəsi xüsusi məna daşıyır. İstər kiçik olsun, istər sadə, insan üçün onun evi onun qalasıdır. Hər bir insan ailəsi ilə birlikdə təhlükəsiz yaşaya biləcəyi bir evə sahib olmalıdır”.
O vurğulayıb ki, məcburi köçkünlərin əsas arzusu yenə də öz doğma torpaqlarına qayıtmaq idi, lakin indi həmin dövr artıq keçmişdə qalıb. Azərbaycan yeni reallıqlar və yeni mənzil çağırışları ilə üz-üzədir.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
