Bakı. Trend:
Müasir dünyada əlaqələndirmə imkanları sürətlə genişlənsə də, bərabərsizlik problemi hələ də qalmaqdadır.
Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda WUF13 çərçivəsində "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, hazırda dünya tarixdə olmadığı qədər əlaqəlidir: qitələrarası marşrutlar günlərlə ölçülür, məlumatlar millisaniyələr ərzində ötürülür, yeni nəqliyyat dəhlizləri, enerji şəbəkələri və rəqəmsal infrastruktur bütöv regionları dəyişdirir. Bununla belə, təxminən 2,8 milyard insan təhlükəsiz və adekvat yaşayış şəraitindən məhrumdur, milyonlarla insan isə münaqişə və iqlim dəyişiklikləri səbəbindən didərgin düşüb.
“Dünya əvvəlkindən daha çox əlaqəlidir, lakin eyni zamanda ehtiyac olduğundan daha qeyri-bərabərdir. İnklüzivlik və geniş sosial-iqtisadi baxış olmadan bağlantılılıq yalnız az sayda insanın faydalandığı böyük infrastruktura çevrilir”, - deyə o vurğulayıb.
UN-Habitat rəsmisinin sözlərinə görə, multimodal dəhlizlər yalnız insanların və yüklərin hərəkətini sürətləndirmir, həm də bütöv regionların iqtisadi coğrafiyasını yenidən formalaşdırır.
O qeyd edib ki, Afrika ilə Avropanı, eləcə də Asiyanı birləşdirən strateji dəhlizlər müasir dövrün ən mühüm infrastruktur layihələrindən biridir. Çin, Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Avropanı birləşdirən Orta Dəhliz boyunca inteqrasiya olunmuş investisiyaların artması həmin marşrut üzərində yerləşən şəhərlər üçün iqtisadiyyatın şaxələndirilməsi baxımından yeni imkanlar yaradır.
Rossbax əlavə edib ki, bu proses yaşıl sənaye, inkişaf etmiş logistika xidmətləri, aqrar emal və rəqəmsal biznes sahələrinin inkişafını təşviq edir, ikinci dərəcəli şəhərləri isə sadəcə tranzit məntəqələrindən iqtisadi aktorlara çevirir.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
