Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri vahid ərazi baxışına əsaslanır - Anaklaudia Rossbax

Cəmiyyət Materials 19 May 2026 13:38 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri vahid ərazi baxışına əsaslanır - Anaklaudia Rossbax
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Şəhərlərin planlaşdırılması bütöv ərazilərin inkişafı ilə paralel aparılmalıdır.

Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda WUF13 çərçivəsində "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, şəhər və kəndlər arasında əlaqələr planlaşdırmanın başlanğıc mərhələsində nəzərə alınanda kənd icmaları bazarlara və xidmətlərə çıxış əldə edir, şəhərlər isə onları təmin edən ərzaq sistemləri, su ehtiyatları və əmək resurslarından faydalanır.

Rossbaxın sözlərinə görə, nəqliyyat dəhlizləri yalnız tranzit marşrutu deyil, bütöv bir ərazinin inkişaf sütununa çevrilməlidir.

“Şəhərləri planlaşdırarkən bütöv əraziləri planlaşdırmalıyıq. Nəqliyyat dəhlizlərinə investisiya qoyarkən həmin marşrut boyunca yerləşən icmalara — onların mənzil təminatına, bazarlarına, xidmətlərinə, torpaqlarına və dolanışıq vasitələrinə də sərmayə yatırılmalıdır”, - deyə o vurğulayıb.

UN-Habitat rəsmisi qeyd edib ki, bu yanaşma xüsusilə postmünaqişə dövründə daha böyük əhəmiyyət daşıyır.
“Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi bərpa və yenidənqurma işləri məhz bu çağırışlarla geniş miqyasda üz-üzədir”, - deyə o bildirib.

Rossbax ötən ilin oktyabrında keçirilmiş Milli Şəhərsalma Forumu zamanı bölgəyə səfər etdiyini xatırladaraq qeyd edib ki, onu ən çox təsirləndirən məqamlardan biri yaşayış, ictimai xidmətlər, rəqəmsal bağlantı və yaşıl enerji şəbəkələrinin vahid ərazi baxışı çərçivəsində inteqrasiyası olub.

“Burada məqsəd şəhər və qəsəbələri ayrı-ayrılıqda yenidən qurmaq deyil, funksional insan coğrafiyasını bərpa etməkdir”, - deyə o əlavə edib.

Rossbax vurğulayıb ki, regional nəqliyyat, enerji və rəqəmsal şəbəkələrdən danışarkən həmin marşrutlar üzərində yerləşən şəhər və kənd icmaları sadəcə keçid əraziləri kimi deyil, investisiya qoyulmalı aktivlər kimi qiymətləndirilməlidir.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti