İqlim köçkünlərinin sayı münaqişələr səbəbindən köçkün düşənlərin sayını üstələyir - Səfir

İqtisadiyyat Materials 19 May 2026 13:10 (UTC +04:00)
İqlim köçkünlərinin sayı münaqişələr səbəbindən köçkün düşənlərin sayını üstələyir - Səfir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dünyanın digər regionlarında iqlim dəyişikliyinin qaçqın düşərgələrinə təsirini düşünün. Dünyanın ən isti 15 qaçqın düşərgəsində insanlar ildə təxminən 200 gün ekstremal iqlim şəraiti ilə üzləşirlər.

Trend xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov WUF13 çərçivəsində sülhyönümlü iqlim fəaliyyəti mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, 2050-ci ilə qədər iqlim qaçqınlarının sayının 70 milyona çatacağı gözlənilir:

“Artıq iqlim səbəbli köçkünlərin sayı münaqişələr səbəbindən köçkün düşənlərin sayını üstələyir.

Məhz bu səbəbdən Azərbaycan COP29 çərçivəsində “Bakı İqlim və Sülh Mərkəzi” təşəbbüsü ilə çıxış etdi. Məqsəd münaqişədən sonrakı dövrlərdə iqlim həlləri, sülhyönümlü iqlim təşəbbüsləri və maliyyə çatışmazlığı problemini birlikdə həll etmək idi.

İqlim dəyişikliyinə ən həssas 27 ölkədən 25-i ən az inkişaf etmiş ölkələrdir və onlar ciddi maliyyə çatışmazlığı yaşayırlar.

Bu ölkələr ehtiyac duyduqları iqlim uyğunlaşma maliyyəsinin təxminən 10 dəfə az hissəsini əldə edirlər. Başqa sözlə, hər 100 dollar ehtiyaca qarşılıq cəmi 1 dollar maliyyə alırlar.

Adambaşına düşən iqlim maliyyəsi də bunu açıq göstərir. İqlimə həssas ən az inkişaf etmiş ölkələrdə adambaşına cəmi 1,9 dollar maliyyə ayrıldığı halda, digər ölkələrdə bu göstərici 18 dollardır.

Buna görə Bakı Mərkəzinin əsas məqsədlərindən biri də münaqişədən zərər çəkmiş və humanitar ehtiyacların yüksək olduğu ölkələr üçün iqlim maliyyəsinin cəlb edilməsinə dəstək vermək idi.

Bu təşəbbüs kifayət qədər uğurlu oldu. Böyük Britaniya, Almaniya, İtaliya, Misir, Uqanda və Birləşmiş Ərəb Əmirlikləri kimi həm qlobal şimalı, həm də cənubu təmsil edən ölkələr təşəbbüsə qoşuldu.

Bundan əlavə, 300 sülh quruculuğu təşkilatı, 40 dövlət, eləcə də onlarla BMT qurumu, çoxtərəfli inkişaf bankları və iqlim fondları təşəbbüsə dəstək verdi”.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti