Bakı. Trend:
Bakıda "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbir keçirilir.
Trend xəbər verir ki, tədbir Bakıda keçirilən WUF13 çərçivəsində baş tutur.
Tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Trabzon Böyükşəhər Bələdiyyəsinin başçısı Ahmet Metin Genç və digər rəsmilər iştirak edirlər.
Tədbir çərçivəsində Şuşa və Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandumun imzalanacağı gözlənilir.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
Xəbər yenilənəcək
