Dünyada təxminən 3 milyard insan təhlükəsiz yaşayış şəraitindən məhrumdur - Musadık Masood Malık

Cəmiyyət Materials 19 May 2026 16:02 (UTC +04:00)
Dünyada təxminən 3 milyard insan təhlükəsiz yaşayış şəraitindən məhrumdur - Musadık Masood Malık
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Dünya hazırda nanotexnologiya, biotexnologiya, süni zəka və qlobal bağlantı inqilabları yaşayır. Lakin bütün bunların arxasında duran əsas qüvvə elektrikləşmə inqilabıdır.

Trend xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "D-8 ölkələrinin Yüksək Səviyyəli Enerji və Urban Dialoqu" adlı tədbirdə Pakistan İslam Respublikasının İqlim Dəyişiklikləri və Ətraf Mühitin Koordinasiyası üzrə federal naziri Musadık Masood Malık bildirib.

“Enerji istehsalın, iqtisadi artımın, mobilliyin və insanların gündəlik həyatının mərkəzində dayanır”.

Pakistan rəsmisi D8 ölkələrinin bərpa olunan enerji baxımından böyük üstünlüklərə malik olduğunu da diqqətə çatdırb:

“Bu ölkələr günəş, külək və hidroenerji kimi zəngin təbii resurslara sahibdir və bu potensial düzgün birləşdirilərsə, davamlı enerji təminatı yaratmaq mümkündür. Biz Marsa kəşfiyyat aparatı göndərməkdən danışmırıq. Söhbət fermerin, zavod işçisinin normal həyat yaşamasından gedir. İnsanların damı olan evi, elektrik enerjisi, məktəbi, kiçik klinikası və təhlükəsiz yaşayış mühiti olmalıdır”.

Nazir çıxışında qlobal mənzil böhranına da diqqət çəkib:

“Hazırda dünyada təxminən 3 milyard insan təhlükəsiz yaşayış şəraitindən məhrumdur, 300 milyondan çox insan isə faktiki olaraq evsizdir”.

Pakistanlı nazir ölkəsində baş verən istilik dalğalarına toxunaraq qeyd edib ki, 2024-cü ildə ölkənin ən böyük şəhərlərindən birində temperaturun 48 dərəcəyə çatması nəticəsində bir həftə ərzində yüzlərlə insan həyatını itirib.

“Yoxsul məhəllələrdə yaşayan insanlar enerji çatışmazlığı və elektrik kəsintilərindən ən çox zərər görən təbəqədir. Elektrik enerjisinin kəsilməsi insanları sanki daş dövrünə qaytarır. Enerji olmadıqda həyat dayanır. Son 10-15 ildə iqlim fəlakətləri nəticəsində minlərlə insan həyatını itirib, on minlərlə insan yaralanıb, milyonlarla insan isə məcburi köçkünə çevrilib. Urbanizasiya və enerji siyasətləri hazırlanarkən əsas sual unudulmamalıdır”.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti