Bakı.Trend:
Banqladeş dayanıqlı urbanizasiyanın təşviqi və enerji səmərəliliyinin artırılması istiqamətində həyata keçirdiyi layihələri WUF13 çərçivəsində təqdim edib.
Trend xəbər verir ki, bu fikirləri Banqladeş Xalq Respublikasının Mənzil və İctimai İşlər Nazirliyi yanında Milli Mənzil İdarəsinin sədri Ferdousi Begum WUF13 çərçivəsində keçirilən “D-8 ölkələrinin Yüksək Səviyyəli Enerji və Urban Dialoqu" panel sessiyasında deyib.
Onun sözlərinə görə, Banqladeş dayanıqlı urbanizasiyanı yalnız ekoloji zərurət deyil, həm də inklüziv iqtisadi artım, iqlim dayanıqlılığı və enerji təhlükəsizliyi üçün əsas vasitə hesab edir.
“Dünyada ən sürətli urbanizasiya proseslərindən birini yaşayan ölkələrdən biri olan Banqladeş mənzil, infrastruktur və enerji sistemlərinin əlaqələndirilmiş inkişafına xüsusi önəm verir. Karbon emissiyalarının azaldılması və enerji baxımından səmərəli inkişaf modelinə keçid əsas prioritetlərimizdən biridir”, – deyə o bildirib.
Çıxış zamanı vurğulanıb ki, Banqladeş aztəminatlı və həssas əhali qrupları üçün əlçatan, iqlimə dayanıqlı və enerji səmərəli mənzil layihələri həyata keçirir.
“Dəkkə Şəhər İnkişafı Layihəsi çərçivəsində günəş enerjisi, rəqəmsallaşma, yaşıl yaşayış mühiti və məşğulluq dəstəyi birgə tətbiq olunur. Ölkə aşağı karbonlu şəhər inkişafı istiqamətində bərpa olunan enerji, yaşıl tikinti, enerji səmərəli nəqliyyat və dayanıqlı nəqliyyat sistemlərinin inkişafını sürətləndirir”.
F.Begum qeyd edib ki, Banqladeş mərkəzləşdirilməmiş günəş enerjisi sahəsində əldə etdiyi nailiyyətlərlə beynəlxalq səviyyədə tanınır və hazırda damüstü günəş panellərinin, eləcə də günəş enerjisi ilə işləyən ictimai obyektlərin sayını artırır.
“Dayanıqlı urbanizasiya və enerji transformasiyası insan mərkəzli, inklüziv və iqtisadi baxımdan əlçatan olmalı, şəhərlər isə həm emissiyaları azaltmalı, həm də insanların rifahını yüksəltməlidir”,-deyə Banqladeş rəsmisi əlavə edib.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
