Bakı.Trend:
Son günlər ərzində yüksək səviyyədə iştirakçılıq, fəallıq və fikir mübadiləsinin şahidi olduq ki, bu da şübhəsiz, bütün iştirakçılar üçün faydalı olacaq.
Trend xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın Biznes və Ticarət Nazirliyinin tikinti, logistika, hava limanları və su resursları üzrə direktor müavini Ferqus Harradens Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində Ağ Şəhər pavilyonu tərəfindən təşkil olunan çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, forum müxtəlif ölkələrdən və peşə sahələrindən olan nümayəndələr arasında təcrübə mübadiləsi üçün unikal platformaya çevrilib.
“Resursların idarə olunması, qarşılıqlı əlaqəlilik, dayanıqlı şəhər inkişafı və təbii məskənlərin planlaşdırma və layihələndirməyə inteqrasiyası kimi qlobal məsələləri müzakirə etmək üçün müxtəlif ölkələrdən və peşə sahələrindən olan insanların bir araya gəlməsini görmək sevindiricidir”, - deyə Harradens qeyd edib.
Böyük Britaniya nümayəndəsinin fikrincə, belə beynəlxalq forumlar şəhərlərin inkişafı üzrə səmərəli strategiyaların formalaşdırılmasında və müxtəlif ölkələrdən olan siyasətçilər, memarlar və urbanistlər arasında əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayır.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.
