Bakı. Trend:
Azərbaycan və Belarus arasındakı parlamentlərarası əlaqələr ölkələrimiz arasındakı münasibətlərin hazırkı səviyyəsinə uyğundur.
Trend xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə mətbuata birgə bəyanatında səsləndirib.
S.Qafariva vurğulayıb ki, parlament səviyyəsində səfərlər və görüşlər əlaqələrin mövcud səviyyəsinin bir göstəricidir:
“Bu gün parlamentlərimizdə fəaliyyət göstərən dostluq qrupları müntəzəm olaraq təmasdadırlar. Deputatlarımız qarşılıqlı olaraq həm Azərbaycanda, həm də Belarusda təşkil olunan tədbirlərdə təmsil olunurlar, ölkələrimizdə təşkil olunan prezident və parlament seçkilərində müşahidəçi kimi fəaliyyət göstərirlər.
Parlamentlərarası İttifaq, MDB Parlament Assambleyası, Asiya Parlament Assambleyası (APA) kimi beynəlxalq təşkilatlarda əməkdaşlıq edirik. Məhz Milli Məclisin APA-ya sədrliyi dövründə Belarus parlamenti bu strukturda müşahidəçi statusu əldə edib”.
Spikerin sözlərinə görə, yuxarıda qeyd etdikləri Azərbaycan və Belarus parlamentləri arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu göstərir.
“İqor Sergeyenko ilə apardığımız müzakirələrdə gəldiyimiz nəticə budur ki, biz bu əlaqələrin daha da genişləndirilməsi üzrə səylərimizi davam etdirməliyik”, - deyə o sözünə yekun vurub.
