Bakı.Trend:
Gənclərin WUF13-də iştirakı onlar üçün yeni imkanlar açır və bu sahədə peşə seçiminə ilham verir.
Trend xəbər verir ki, bunu Böyük Britaniyanın Kral Şəhərsalma İnstitutunun vitse-prezidenti Samir Bəqain Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində Ağ Şəhər pavilyonu tərəfindən təşkil olunan tədbirdə çıxışı zamanı bildirib.
“Sağlam şəhər mühiti ilə maraqlanan bu qədər çox gənci görmək sahəmiz üçün böyük stimuldur. Yaxın Şərq və Avropanın bəzi ölkələrində gənclər tikinti və şəhərsalma sahəsini karyera yolu kimi nəzərdən keçirmirlər. Gənclərin forumda iştirakı onlar üçün yeni imkanlar açır və bu sahədə peşə seçiminə ilham verir”, — deyə Bəqain qeyd edib.
O əlavə edib ki, gənclərin bu gün proseslərə cəlb olunması 10–20 ildən sonra urbanistika sahəsində çalışacaq gələcək mütəxəssislərin formalaşmasına təsir göstərə bilər:
“Hesab edirəm ki, əsas məqsədlərimizdən biri gənclərin cəlb edilməsidir və Azərbaycan onları şəhər mühitinin planlaşdırılması və inkişafı proseslərinə cəlb etmək baxımından çox uğurlu iş görüb. Ümid edirəm ki, bu, gələcəkdə bu sahədə karyera seçən mütəxəssislərin sayının artımında öz əksini tapacaq”.
Bəqain vurğulayıb ki, bu cür təşəbbüslər şəhərlərin uzunmüddətli inkişafına, həmçinin gələcək nəsillər üçün dayanıqlı və komfortlu mühitin formalaşdırılmasına töhfə verir.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
