Bakı.Trend:
Bir çox bələdiyyələr hələ də şəhər problemlərinin aradan qaldırılmasında ciddi çətinliklərlə üzləşirlər.
Trend xəbər verir ki, bunu BMT-də proqramların idarə olunması üzrə baş mütəxəssis Alin Matta Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Siyasət, sənədlər və maddi resurslar: böhranlara hazırlıq və onlara cavab tədbirlərinin təmin edilməsi üçün potensialın gücləndirilməsi” mövzusunda təlimdə deyib.
“Bugünkü sessiya dünya üzrə şəhərlər və yerli idarəetmə orqanları üçün getdikcə daha aktual olan bir məsələyə həsr olunub: çoxşaxəli böhranlar şəraitində bələdiyyənin fəaliyyətini, çevikliyini və dayanıqlığını qoruması üçün nə tələb olunur?
İstər iqlim fəlakətləri, istər infrastruktur nasazlıqları, istər münaqişələr nəticəsində əhalinin köçü, istərsə də ciddi iqtisadi sarsıntılar olsun — böhranlara ilk reaksiya verən və zərərçəkmiş icmalara ən yaxın olan məhz yerli idarəetmə orqanlarıdır. Lakin UN-Habitat və UNITAC çərçivəsində apardığımız fəaliyyət göstərir ki, bir çox bələdiyyələr hələ də şəhər problemlərinin aradan qaldırılmasında ciddi çətinliklərlə üzləşirlər”,- deyə o bildirib.
A.Mattanın sözlərinə görə, yerli potensialın gücləndirilməsi dayanıqlı, inklüziv və davamlı şəhər gələcəyinin formalaşdırılmasının əsas şərtidir.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
