Bakı.Trend:
Bakı bir neçə gün ərzində gələcəyin şəhərlərinin nəhəng laboratoriyasına çevrilib. Ümumdünya Şəhərsalma Forumunun tarixində ən böyük sərgi olan "Urban Expo" ərazisində onlarla ölkə, beynəlxalq təşkilat və texnologiya şirkəti klassik sərgi stendlərindən daha çox elmi fantastika janrındakı art-instalyasiyaları xatırladan futuristik pavilyonlarını təqdim edib.
Bu barədə Trend məlumat verir.
Bakıda keçirilən WUF13 çərçivəsindəki Urban Expo ərazisi Bakı Olimpiya Stadionunun ərazisində 3,5 hektar sahəni əhatə edir. Məkan dünyanın 66 ölkəsindən 217-dən çox təşkilatı və 182 ölkədən 40 mindən artıq iştirakçını bir araya gətirib. Burada 41 milli pavilyon daxil olmaqla ümumilikdə 121 pavilyon, həmçinin beynəlxalq təşkilatlar, startaplar, texnologiya şirkətləri üçün zonalar, "Urban Cinema", "Urban Library" və "Business & Innovation Hub" təqdim olunub. Bundan əlavə, forumun ayrıca hissəsi kimi təxminən 2,5 hektarlıq açıq görüş və tədbir məkanı olan "WUF13 Boulevard" təşkil edilib. Bu, Ümumdünya Şəhərsalma Forumları tarixində ən böyük ərazidir.
"Urban Expo"nun əsas diqqət mərkəzində məhz milli pavilyonlar olub — şəhərlərin öz gələcəklərini işıq, texnologiya, memarlıq və rəqəmsal incəsənət dili ilə təqdim etdiyi genişmiqyaslı multimedia məkanları.
Bəzi pavilyonlar daha çox gələcəyin interaktiv muzeylərini xatırladır. Ziyarətçilərə “ağıllı şəhərlər” üzrə VR-gəzintilər, urbanistik inkişafın rəqəmsal xəritələri, süni intellektlə işləyən panellər və insanların hərəkətinə reaksiya verən nəhəng LED ekranlar təqdim olunur.
Xüsusi maraq doğuran məkanlardan biri də ziyarətçilərin sözün əsl mənasında öz dayanıqlı şəhərlərini “qura” bilməsidir — burada ekoloji nəqliyyat növünü, enerji təchizatı sistemini və hətta meqapolisin yaşıllıq səviyyəsini seçmək mümkündür.
Bir çox ölkə ənənəvi kağız banner və maketlərdən imtina edərək tam immersiv təqdimata üstünlük verib. Nəticədə "Urban Expo" yaxın gələcəkdə beynəlxalq sərgilərin necə görünəcəyini nümayiş etdirir: daha az statik stend, daha çox rəqəmsal təcrübə və interaktivlik.
Bəzi pavilyonlar isə ilk növbədə vizual həlləri ilə diqqət çəkir. Onlardan bəziləri canlı bitkilər və təkrar emal olunmuş materiallarla ekoloji minimalizm üslubunda tərtib edilib, digərləri isə dinamik proyeksiyalar və həcmli səslə müşayiət olunan futuristik işıq tunelləri kimi qurulub. Milli ornamentlər rəqəmsal ekranlarda “canlanır”, tarixi şəhərlər isə 3D-xəritələmə və animasiya vasitəsilə təqdim edilir.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
