Bakı. Trend:
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə əhalinin mərhələli şəkildə geri dönüşü ölkədə mənzil təminatı üzərindəki yükün azalmasına əhəmiyyətli təsir göstərir.
Trend xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil edilmiş "Mənzil üçün qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası" mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, son illərdə çoxmənzilli yaşayış binalarının istismara qəbul prosedurları daha da sadələşdirilib, şəhərsalma normalarının əsas tələblərinə uyğun gələn bəzi qeyri-rəsmi tikililər üçün isə amnistiya mexanizmləri tətbiq edilib:
"Qanunsuz tikililərin leqallaşdırılması müəyyən sosial problemlərin aradan qaldırılmasına dəstək versə də, bu proses uzunmüddətli dövrdə yeni çağırışlar yarada bilər. Bu baxımdan, leqallaşdırma məsələsinə balanslı və ehtiyatlı yanaşmaq xüsusi əhəmiyyət daşıyır. Çünki icazəsiz tikililərə geniş şəkildə amnistiya verilməsi qısamüddətli sosial ehtiyacların həllinə xidmət etsə də, gələcəkdə qanunsuz tikintilərin artmasına stimul yarada bilər. Nəticədə torpaq istifadəsinə nəzarətin zəifləməsi, kənd təsərrüfatı torpaqlarına, meşə sahələrinə, su ehtiyatlarına və strateji infrastruktur zonalarına təzyiqin artması kimi risklər meydana çıxa bilər".
Nazir bildirib ki, Sovet dövründə qeyri-rəsmi yaşayış məntəqələri (gecəqondular) müəyyən dərəcədə mövcud olsa da, dövlət tərəfindən tanınmırdı.
Onun sözlərinə görə, bu proses Azərbaycan ərazilərinin işğalı, qaçqınların sayının davamlı artması, Ermənistanda yaşayan azərbaycanlı etnik icmasının vəziyyəti, eləcə də işğal olunmuş Azərbaycan ərazilərindən olan məcburi köçkünlər problemi ilə müşayiət olunurdu.
"Növbəti onillik ərzində baş verən proseslər sosial miqrasiyaya səbəb oldu. Xüsusilə iqtisadi çətinliklər bu prosesi daha da sürətləndirdi. Demoqrafik bum yaşanmasına baxmayaraq, əhalinin sayı sonrakı illərdə 7 milyondan 10 milyona yüksəldi. Azərbaycanda hər 8 nəfərdən biri qaçqın və ya məcburi köçkün idi. Ölkə ciddi sosial-iqtisadi çətinliklərlə üz-üzə qalmışdı və 1990-cı illərin sonuna qədər bu problemlərin həlli əsas prioritetlərdən biri idi.
2003-cü ildən etibarən ölkə iqtisadiyyatında sabitləşmə prosesi başladı. Çadır düşərgələri artıq ləğv olundu, eyni zamanda klassik qeyri-rəsmi yaşayış məskənləri məsələsinə də diqqət yetirilməyə başlandı. 2003–2020-ci illər növbəti inkişaf mərhələsi oldu. 2020-ci ildən etibarən isə Böyük Qayıdış prosesi başladı. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti və bərpa işləri həyata keçirilir.
Biz hansı nəticələri çıxardıq? İlk növbədə inanırıq ki, problemi düzgün tanımaq lazımdır. Problemi anlamaqla yanaşı, onun həlli yolları da müəyyən edilməlidir. Hesab edirik ki, burada siyasi, sosial və iqtisadi aspektlər üzrə kompleks həll yolları ortaya qoyulmalıdır. Dövlətin əsas iradəsi və məqsədi məhz bu problemlərin həllinə yönəlib", - o qeyd edib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
