Bakı. Trend:
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycanda səfərdə olan Fələstin Dövlətinin yerli özünüidarəetmə naziri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu Sami Hijjavinin rəhbərlik etdiyi nümayəndə heyəti AzMİU-da olub.
Qonaqları Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədovanın rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb.
Görüşdə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova universitetin zəngin tarixi, beynəlxalq əlaqələri, müasir tədris imkanları, elmi potensialı və strateji inkişaf istiqamətləri barədə qonaqlara ətraflı məlumat verib. Rektor bildirib ki, Azərbaycanın memarlıq, inşaat, şəhərsalma, dizayn və mühəndislik sahələri üzrə aparıcı ali təhsil müəssisəsi olan AzMİU bu gün yalnız ölkə daxilində deyil, beynəlxalq akademik müstəvidə də nüfuzunu davamlı şəkildə artırır.
Professor Gülçöhrə Məmmədova çıxışında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsinin Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, WUF13 Azərbaycanın qlobal şəhərsalma və urban inkişaf gündəliyində fəal aktora çevrildiyini, ölkənin beynəlxalq nüfuzunun yüksəldiyini bir daha nümayiş etdirir. Rektor bildirib ki, forum, eyni zamanda ali təhsil müəssisələri üçün yeni akademik tərəfdaşlıqların qurulması, təcrübə mübadiləsi və gələcəyin şəhərlərinin formalaşdırılması istiqamətində mühüm platformadır.
Görüş zamanı Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı quruculuq və bərpa işlərinə də toxunulub. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma layihələri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, müasir infrastruktur quruculuğu və yeni şəhərsalma yanaşmaları bu gün beynəlxalq səviyyədə maraq doğuran uğurlu təcrübə kimi diqqət çəkir.
Fələstin Dövlətinin Yerli Özünüidarəetmə naziri, AzMİU məzunu Sami Hijjavi çıxışında doğma universitetində olmaqdan məmnunluğunu ifadə edib, tələbəlik illərinə dair xatirələrini bölüşüb. O, AzMİU-da keçirdiyi illərin onun peşəkar və şəxsi inkişafında mühüm rol oynadığını vurğulayıb.
Nazir Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunu yüksək qiymətləndirərək ölkəmizlə bağlı müsbət təəssüratlarını bölüşüb. O bildirib ki, Azərbaycanın xüsusilə postmünaqişə dövründə nümayiş etdirdiyi quruculuq tempi, infrastrukturun yenidən qurulması və şəhərsalma yanaşmaları təqdirəlayiqdir. Sami Hijjavi WUF13 kimi qlobal tədbirin Azərbaycanda keçirilməsinin ölkənin beynəlxalq mövqeyinin və artan nüfuzunun göstəricisi olduğunu qeyd edib.
Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani çıxışında Fələstin dövlətinin gənclərinin Azərbaycan, xüsusilə AzMİU kimi ixtisaslaşmış nüfuzlu ali təhsil müəssisələrində təhsil almasına böyük maraq göstərdiyini bildirib. Səfir qeyd edib ki, AzMİU-da Sami Hijjawi kimi yüksək səviyyəli dövlət xadimlərinin yetişməsi bu universitetin akademik potensialının göstəricisidir: “Biz istəyirik ki, AzMİU-da Sami Hijjavi kimi gələcəyin nazirləri yetişsin”.
Görüşdə ali təhsil, akademik əməkdaşlıq, şəhərsalma, yerli idarəetmə və gələcək mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı nazir Sami Hijjavinin AzMİU-nun arxivində saxlanılan qiymət kitabçası və ona aid digər sənədlər özünə təqdim edilib.
Rəsmi görüşdən sonra Sami Hijjavinin rəhbərlik etdiyi nümayəndə heyəti universitetlə yaxından tanış olub. AzMİU məzunu olan Sami Hijjawi təhsil aldığı fakültəyə, ixtisas kafedrasına və laboratoriyalara baş çəkib, tələbəlik illərinə dair xatirələrini bölüşüb. Səfər qonaqlarda xoş təəssürat yaradıb.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Fələstin Dövlətinin yerli özünüidarəetmə naziri Sami Hijjavi, onun həyat yoldaşı Haya Hijjavi, Bələdiyyələrin İnkişafı və Kreditləşdirilməsi Fondunun baş direktoru Mohammad Ramahi, Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Əhməd Metani, nazirin beynəlxalq münasibətlər üzrə müşaviri Valid Abulhalava və Dünya Bankının Fələstin üzrə nümayəndəsi Hacı Hüseynov yer alıblar.