Bakı. Trend:
Bakıda olmaq və Qlobal Cənub QHT Platformasının təqdimatına şahidlik etmək böyük bir məmnuniyyətdir. Bu, çox mühüm bir təşəbbüsdür.
Trend xəbər verir ki, bunu BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (The United Nations Office for South-South Cooperation (UNOSSC) direktoru Dima Al-Khatib Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu addım Azərbaycanın Cənub–Cənub və üçtərəfli əməkdaşlıq sahəsində liderliyinə əlavə töhfə verir.
"Bu, Azərbaycanın Cənub–Cənub əməkdaşlığı sahəsində ilk təşəbbüsü deyil. Lakin bu platforma xüsusilə önəmlidir, çünki Qlobal Cənub üzrə QHT-lərin səsini daha geniş şəkildə dünyaya çatdırır.
Biz bu gün çox məhsuldar bir müzakirə apardıq. Bu təşkilatlar icmaların səsi kimi çıxış edərək, bir çox qlobal gündəmlərin irəlilədilməsinə töhfə verəcəklər. Buraya ən az inkişaf etmiş ölkələr, kiçik ada inkişaf etməkdə olan dövlətlər, dənizə çıxışı olmayan ölkələr və orta gəlirli ölkələr daxildir.
Biz onlarla sıx əməkdaşlığı davam etdirəcəyik, xüsusilə Qlobal Cənub və Üçtərəfli Əməkdaşlıq üzrə Qlobal Alyans vasitəsilə.
Qlobal Cənub və Avropa İttifaqının yaxın dövrdə BMT-nin Cənub–Cənub Əməkdaşlığı üzrə Ofisinin rəsmi tərəfdaşı olub-olmaması ilə bağlı suala gəlincə: onlar artıq, təbii olaraq, tərəfdaşdırlar. Qlobal Alyansa üzv olmaqla onlar tərəfdaş hesab olunurlar", - o qeyd edib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
