Bakı. Trend:
WUF13 çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş "Yaradan" adlı sənədli filmi təqdim edilib.
Trend xəbər verir ki, sənədli filmdə Ümumdünya Şəhərsalma Forumununun prioritetləri olan insanların dayanqlı yaşayışının təmin edilməsi, yeni şəhərsalma fəlsəfəsi və “Ağıllı şəhər” konsepsiyasının qurulması kimi əsas mövzular öz əksini tapıb.
Təqdimatda çıxış edən filmin ssenari müəllifi, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri, Ayaz Mirzəyev bildirib ki, film Vətən müharibəsinin 5 illiyinə həsr edilib.
"Əsas məqsədimiz ekran əsərində Qarabağ və Şərqi Zəngəzurda
həyata keçirilən bərpa-quruculuq işləri, eləcə də bu bölgələrə
"Böyük Qayıdış" prosesinin nəticəsi real təsvir etmişik. Əgər bu
filmə qısa məzmun yazmalı olsaq məhz belə deyərdik: Dağıntıdan
şəhər, xatirədən gələcək, kədərdən qürur yaradan xalqın
hekayəsi.
Sənədli filmin çəkilişləri azərbaycanın işğaldan azad olunmuş
əraziləri - Ağdam, Xocalı, Şuşa, Xankəndi, Cəbrayıl, Füzuli, Laçın,
Kəlbəcər və Zəngilanda aparılıb.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
