Azərbaycanın WUF13-dəki rolu inklüziv şəhər inkişafı sahəsində liderliyi üçün geniş imkanlar yaradır - Əlillik Məsələləri üzrə Qlobal Fond (ÖZƏL MÜSAHİBƏ)

Cəmiyyət Materials 20 May 2026 13:27 (UTC +04:00)
Azərbaycanın WUF13-dəki rolu inklüziv şəhər inkişafı sahəsində liderliyi üçün geniş imkanlar yaradır - Əlillik Məsələləri üzrə Qlobal Fond (ÖZƏL MÜSAHİBƏ)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi etməsi inklüziv və əlçatan şəhər inkişafı sahəsində liderliyini nümayiş etdirmək üçün geniş imkanlar yaradır.

Bunu forum çərçivəsində BMT-nin İnkişaf Proqramının Əlillik Məsələləri üzrə Qlobal Fondunun Katibliyinin direktoru Ola Əbu Əl Qaib Trend-ə verdiyi özəl müsahibədə deyib

O qeyd edib ki, əlilliyi olan şəxslərin inklüzivliyi ayrıca istiqamət deyil, ümumi şəhər gündəliyinin tərkib hissəsi olmalıdır.

“Azərbaycanın WUF13-ə ev sahibliyi etməsi inklüziv və əlçatan şəhər inkişafı sahəsində liderliyin nümayiş etdirilməsi üçün mühüm imkan yaradır. Forum təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar məsələlərinə qlobal diqqəti cəlb etdiyindən, əlilliyi olan şəxslərin inklüzivliyini ayrıca istiqamət kimi deyil, bu gündəliyin mərkəzi elementi kimi təqdim etmək imkanı yaranır”, – deyə direktor bildirib.

Onun sözlərinə görə, əməkdaşlıq əlçatan mənzil təminatı, inklüziv ictimai nəqliyyat, ictimai məkanların universal dizaynı, əlilliyi olan şəxslərin ehtiyaclarını nəzərə alan fövqəladə hallara hazırlıq, əlçatan rəqəmsal şəhər xidmətləri, eləcə də şəhərsalma mütəxəssisləri və bələdiyyə orqanlarının potensialının artırılması kimi praktiki istiqamətlərə fokuslana bilər.

Direktor, həmçinin şəhər həllərinin vətəndaşların real ehtiyac və təcrübələrini əks etdirməsi üçün əlilliyi olan şəxslərin təşkilatları ilə strukturlaşdırılmış əməkdaşlığın vacibliyini vurğulayıb.

Ola Əbu Əl Qaib hesab edir ki, WUF13 forumu şəhərlər arasında qarşılıqlı təcrübə mübadiləsi platforması kimi istifadə etmək üçün də imkan yaradır.

Onun sözlərinə görə, Azərbaycan və digər ölkələr effektiv təcrübələrin müəyyənləşdirilməsi, miqyaslandırıla bilən həllərin aşkar edilməsi, həmçinin inkişaf təşkilatları, texniki institutlar və maliyyə tərəfdaşları ilə əməkdaşlığın qurulması istiqamətində təcrübə mübadiləsi apara bilərlər. Bununla yanaşı, onun fikrincə, əsas məsələ forumun öz çərçivəsindən kənara çıxan irsinin formalaşdırılmasıdır.

“Bu irs əlçatan şəhərsalma üzrə daha güclü öhdəlikləri, praktiki nümayiş layihələrinin həyata keçirilməsini, standartların yüksəldilməsini və şəhərlərin hər kəs üçün daha təhlükəsiz, inklüziv və dayanıqlı olması məqsədilə uzunmüddətli əməkdaşlığı əhatə edə bilər”, – deyə o əlavə edib.

Əbu Əl Qaibin sözlərinə görə, əlilliyi olan şəxslərin inklüzivliyi ayrıca sosial məsələ və ya əlavə seçim kimi deyil, təhlükəsiz, dayanıqlı və yaşana bilən şəhərlərin əsas şərti kimi qəbul edilməlidir və bu onun WUF13 çərçivəsində əsas mesajıdır.

Onun sözlərinə görə, WUF13-ün “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusu xüsusilə aktualdır belə ki, mənzil, nəqliyyat, ictimai məkanlar, xidmətlər, fövqəladə hallara hazırlıq və iqlim dayanıqlılığı əlilliyi olan şəxslərin gündəlik həyatı, təhlükəsizliyi və ləyaqətinə birbaşa təsir göstərir.

“Əlillik Məsələləri üzrə Qlobal Fondun təcrübəsindən çıxan əsas nəticələrdən biri budur ki, şəhərlər yalnız əlilliyi olan şəxslər üçün deyil, onların iştirakı ilə layihələndirildikdə daha dayanıqlı olur. Bu isə əlilliyi olan şəxslərin təşkilatlarının şəhərsalma, büdcə hazırlanması, icra və monitorinq proseslərinə ilk mərhələdən cəlb olunması deməkdir”, – deyə o bildirib.

Əbu Əl Qaib əlavə edib ki, onun prioritetləri üç əsas tezisi əhatə edir: birincisi, əlçatanlıq hamı üçün daha yaxşı şəhərlərə investisiyadır; ikincisi, əlilliyi olan şəxslər mənzil, infrastruktur, erkən xəbərdarlıq və fövqəladə hallara cavab sistemlərindən kənarda qalarsa, dayanıqlılıq mümkün deyil; üçüncüsü isə maliyyə mexanizmləri bəyan edilmiş öhdəliklərdən şəhərlər səviyyəsində praktiki icraya keçməlidir.

Əlillik Məsələləri üzrə Qlobal Fond Dayanıqlı və İnklüziv Şəhərlər Mərkəzi vasitəsilə artıq əlçatan, ədalətli və gələcəyə yönəlmiş şəhərlərin yaradılmasına dəstək göstərir. Onun sözlərinə görə, şəhərlər siyasi bəyanatlardan praktiki icra sistemlərinə keçməlidir.

“Praktik baxımdan bu, universal dizayn standartlarının mənzil, nəqliyyat, məktəblər, səhiyyə müəssisələri, ictimai binalar, rəqəmsal xidmətlər və ictimai məkanlarda tətbiqindən başlayır. Əlçatanlıq sonradan daha yüksək xərclərlə uyğunlaşdırılan məsələ deyil, dövlət satınalmaları qaydalarına, tikinti normalarına, infrastruktur müqavilələrinə və şəhər investisiya planlarına əvvəlcədən inteqrasiya olunmalıdır. İkincisi, şəhərlər əlilliyi olan şəxslər və onların nümayəndə təşkilatları ilə birbaşa əməkdaşlıq etməlidir. Onların həyat təcrübəsi texniki mütəxəssislərin nəzərdən qaçıra biləcəyi maneələri – təhlükəli keçidlər, əlçatmaz sığınacaqlar, jest dili tərcüməsinin olmaması, zəif naviqasiya, ictimai məlumatların əlçatan olmaması və ya müxtəlif ehtiyacları nəzərə almayan təxliyə planları kimi problemləri üzə çıxarmağa kömək edir.

Üçüncüsü, əlçatanlıq dayanıqlılıqla sıx əlaqələndirilməlidir. Bu, inklüziv erkən xəbərdarlıq sistemlərini, əlçatan sığınacaqları, fəlakət risklərinin azaldılması və iqlim dəyişikliyinə uyğunlaşma planlaşdırılmasında əlilliyi olan şəxslərin ehtiyaclarının nəzərə alınmasını, həmçinin böhran vəziyyətlərində xidmətlərin əlçatanlığının təmin edilməsini əhatə edir. Əlillik Məsələləri üzrə Qlobal Fondun Dayanıqlı və İnklüziv Şəhərlər Mərkəzi vasitəsilə fəaliyyəti şəhərlərin əlçatan, ədalətli və gələcək çağırışlara hazır olması ideyasına əsaslanır. Nəhayət, şəhərlərə ölçülə bilən göstəricilər lazımdır. Məsələn, əlçatanlıq auditi aparılmış ictimai binaların payı, modernləşdirilmiş nəqliyyat marşrutlarının sayı, əlçatan müvəqqəti yerləşdirmə məntəqələrinin payı, eləcə də şəhər idarəçiliyi orqanlarında əlilliyi olan şəxslərin təmsilçilik səviyyəsi. Ölçülən göstəricilərin maliyyələşdirilməsi və həyata keçirilməsi ehtimalı daha yüksək olur”, – deyə o əlavə edib.

Əbu Əl Qaib qeyd edib ki, əsas boşluq yalnız maliyyələşmənin çatışmazlığı deyil, həm də əlilliyi olan şəxslərin maraqlarının əsas maliyyə mexanizmlərində nəzərə alınmamasıdır.

Onun sözlərinə görə, əlilliyi olan şəxslərin inklüzivliyi çox vaxt milli büdcələrə, bələdiyyə investisiya planlarına, iqlim maliyyələşməsinə, mənzil proqramlarına, infrastruktur kreditlərinə və fəlakət risklərinin azaldılması maliyyələşdirmə mexanizmlərinə inteqrasiya olunmaq əvəzinə, kiçik və qısamüddətli layihələr vasitəsilə maliyyələşdirilir.

“Digər mühüm boşluq ondan ibarətdir ki, əlçatanlıq məsələləri çox vaxt həddindən artıq gec nəzərə alınır. Yollar, mənzillər, nəqliyyat sistemləri və ya ictimai binalar ilkin mərhələdə əlçatanlıq prinsipləri nəzərə alınmadan layihələndirildikdə, sonradan uyğunlaşdırma daha bahalı və az effektiv olur. Məhz buna görə Əlillik Məsələləri üzrə Qlobal Fond inklüzivlik prinsiplərinin planlaşdırma, layihələndirmə və maliyyələşdirməyə erkən mərhələdə daxil edilməsinin vacibliyini vurğulayır”, – deyə o bildirib.

O, həmçinin potensial çatışmazlığına diqqət çəkib: bir çox hökumətlər və şəhərlər inklüzivlik prinsiplərini dəstəkləsələr də, onların həyata keçirilməsi üçün praktiki alətlərə, texniki yardıma, məlumatlara, standartlara və tərəfdaşlıqlara ehtiyac duyurlar.

“Bu, əlillik üzrə daha keyfiyyətli desaqreqasiya olunmuş məlumatları, hesabatlılıq mexanizmlərinin gücləndirilməsini və əlilliyi olan şəxslərin təşkilatlarının daha fəal iştirakını əhatə edir. Nəhayət, miqyaslandırma problemi mövcuddur. Uğurlu pilot layihələr çox vaxt təcrid olunmuş şəkildə qalır və əsas çağırış ayrı-ayrı təşəbbüslərdən sistemli dəyişikliklərə keçiddir”, – deyə o bildirib.

Bu baxımdan, Əbu Əl Qaibin sözlərinə görə, Dayanıqlı və İnklüziv Şəhərlər Mərkəzi kimi təşəbbüslər xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, mərkəz dayanıqlı və inklüziv şəhər inkişafını təşviq etmək məqsədilə 2030-cu ilədək 50 şəhərə 250 milyon ABŞ dolları həcmində investisiya yatırmağı planlaşdırır.

Əbu Əl Qaib qeyd edib ki, Əlillik Məsələləri üzrə Qlobal Fond ölkələrə əlilliyi olan şəxslərin hüquqları sahəsində öhdəlikləri praktiki inkişaf tədbirlərinə çevirməkdə dəstək göstərir.

Onun sözlərinə görə, bu fəaliyyət texniki yardım, siyasət üzrə məsləhətlər, katalizator maliyyələşdirmə, tərəfdaşlıqların inkişafı, həmçinin milli və yerli səviyyədə icraya dəstəyi əhatə edir.

“Şəhər kontekstində fond əlilliyi olan şəxslərin inklüzivliyi prinsiplərinin mənzil, infrastruktur, ictimai xidmətlər, fəlakət risklərinin azaldılması, iqlim dayanıqlılığı və şəhər idarəçiliyi kimi sahələrə inteqrasiyası istiqamətində çalışır. Dayanıqlı və İnklüziv Şəhərlər Mərkəzi vasitəsilə fond maraqlı tərəflərin cəlb olunmasına, birgə öyrənməyə və inklüziv və dayanıqlı şəhər inkişafını dəstəkləyən praktiki həllərin həyata keçirilməsinə yardım edir. Bu fəaliyyətin əsas hissəsi hökumətləri, şəhərləri, əlilliyi olan şəxslərin təşkilatlarını, inkişaf tərəfdaşlarını, texniki ekspertləri və maliyyə institutlarını bir araya gətirməkdir. Fond əlilliyi olan şəxslərin inklüzivliyinin planlaşdırma, büdcə layihələndirilməsi, monitorinq və investisiya qərarları sistemlərinə inteqrasiya olunması üçün şərait yaradır. Fond həmçinin ölkələrə formal öhdəliklərdən real transformasiyalara keçiddə dəstək verir.

Bu isə yalnız strategiyalarda əlilliyi olan şəxslərin qeyd olunub-olunmaması məsələsi deyil, onların mənzilə çıxış əldə edib-etməməsi, şəhərdə təhlükəsiz hərəkət edib-etməməsi, qərarların qəbulunda iştirak edə bilməsi, fövqəladə hallar zamanı məlumat əldə etməsi və dövlət investisiyalarının nəticələrindən bərabər şəkildə faydalana bilməsi məsələsidir”, - deyə Əbu Əl Qaib yekunlaşdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti