Mərkəzi Asiya və Qafqazda dağ yaşayış məntəqələrinin dayanıqlı inkişafı üzrə tipik modelin hazırlanması təklif olunur

Cəmiyyət Materials 20 May 2026 12:52 (UTC +04:00)
Mərkəzi Asiya və Qafqazda dağ yaşayış məntəqələrinin dayanıqlı inkişafı üzrə tipik modelin hazırlanması təklif olunur
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Son onilliklərdə bəşəriyyətin gündəlik su, ərzaq, rahat yaşayış şəraiti və iqtisadi ehtiyaclarının təmin olunmasına olan tələbat fəlakətli sürətlə artır. Bu isə Yer kürəsinin təbii resurslarına mənfi təsir göstərir və onların tükənməsinə səbəb olur.

Trend xəbər verir ki, bunu Özbəkistanın Ali Məclisinin Qanunvericilik Palatasının Sahibkarlıq, Rəqabətin İnkişafı və Sənaye Komitəsinin üzvü Boriy Əlixanov WUF13 çərçivəsində keçirilən “Dağ yaşayış məntəqələrinin dayanıqlı inkişafı” mövzusunda tədbirin iştirakçılarına müraciətində deyib.

O vurğulayıb ki, Mərkəzi Asiyanın, o cümlədən Özbəkistanın iqlimi ildən-ilə daha quraq və isti olur:

“Güclü toz fırtınalarının və qar çovğunlarının sayı artır. Anomal iqlim dəyişiklikləri nəticəsində həssas və kövrək olan dağ ekosistemləri ən böyük təzyiqlə üzləşir. Dağ və dağətəyi ərazilərdə həddindən artıq mal-qara otarılması nəticəsində torpaq deqradasiyası baş verir, meşə sahələri azalır və bu da sürüşmələrin artması təhlükəsini yaradır.

Bütün bu amillər birlikdə biomüxtəlifliyin azalmasına və dağ ekosistemlərinin biokütləsinin zəifləməsinə gətirib çıxarır.

O bildirib ki, dağ yaşayış məntəqələrinin gələcək vəziyyəti iki əsas amildən asılıdır:

“İqlim dəyişiklikləri və insanın təsərrüfat fəaliyyəti. Bununla əlaqədar olaraq iqlimin ətraf mühitə təsiri nəzərə alınmaqla dağların təbii resurslarından qısa və orta müddətli perspektivdə istifadəyə dair proqnozların hazırlanmasına ehtiyac yaranıb”.

Komitə üzvü əlavə edib, bəzi ölkələrdə dağ yaşayış məntəqələrinin inkişaf xüsusiyyətləri dövlətin sosial-iqtisadi və hüquqi siyasət sənədlərində yalnız qismən nəzərə alınır:

“Bu isə bir tərəfdən həmin sənədlərin regionlarda həyata keçirilməsində problemlər yaradır, digər tərəfdən isə əsasən düzənlik ərazilər üçün hazırlanmış proqramların dağlıq ərazilərdə istənilən nəticəni verməməsinə səbəb olur.

Dağ ekosistemlərinin qorunması və təbii potensialından səmərəli istifadə problemlərinin kompleks həlli məqsədilə, həmçinin dağlıq ərazilərin spesifik və unikal xüsusiyyətlərini nəzərə alaraq Mərkəzi Asiya və Qafqaz nümunəsində dağ yaşayış məntəqələrinin dayanıqlı inkişafı üzrə tipik modelin hazırlanması təklif olunur”.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti