WUF13 Azərbaycanın beynəlxalq nüfuzunu artırır - Azər Qarayev

Siyasət Materials 20 May 2026 12:25 (UTC +04:00)
WUF13 Azərbaycanın beynəlxalq nüfuzunu artırır - Azər Qarayev
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – WUF13 Azərbaycanın son illərdə ev sahibliyi etdiyi ən böyük beynəlxalq tədbirlərdən biri hesab olunur.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

Onun sözlərinə görə, Ümumdünya Şəhərsalma Forumu BMT-nin İnsan Məskənləri Proqramı – UN-Habitat tərəfindən keçirilir və forum dünyanın ən nüfuzlu urbanizasiya platformalarından biri sayılır.

"Forumda müxtəlif ölkələrdən hökumət nümayəndələri, beynəlxalq təşkilatlar, urbanistlər, memarlar, investorlar və ekspertlər iştirak edirlər. Tədbirin əsas məqsədi sürətli urbanizasiya, şəhərlərin dayanıqlı inkişafı, mənzil problemi, iqlim dəyişiklikləri və müasir şəhər idarəçiliyi ilə bağlı məsələlərin müzakirə olunur".

A. Qarayev qeyd edib ki, WUF13-ün Bakıda keçirilməsi Azərbaycan üçün təkcə beynəlxalq tədbir statusu daşımır.

"Bu forum ölkənin beynəlxalq imicinə, şəhərsalma siyasətinə, investisiya imkanlarına və postmünaqişə dövründə həyata keçirilən yenidənqurma layihələrinin tanıdılmasına ciddi təsir göstərir. Son illərdə Azərbaycan Formula 1, COP29, beynəlxalq idman yarışları və müxtəlif qlobal tədbirlərlə özünü regionun diplomatik və tədbir mərkəzlərindən biri kimi təqdim etməyə çalışır. WUF13 də bu strategiyanın davamı hesab olunur. Forum çərçivəsində dünyanın onlarla ölkəsindən minlərlə iştirakçının Bakıya gəlməsi Azərbaycanın beynəlxalq görüntünü artırır. Xarici media nümayəndələri və beynəlxalq ekspertlər Bakının infrastrukturu, şəhərsalma layihələri və urbanizasiya siyasəti ilə yaxından tanış olurlar. Bu isə ölkənin beynəlxalq imicinə və tanıtımına əlavə töhfə verir".

Politoloq qeyd edib ki, WUF13 zamanı Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi yenidənqurma layihələri də əsas təqdimat mövzularından biri kimi ön plana çıxır.

"Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri beynəlxalq auditoriyaya təqdim olunur. Ağalı kəndi, Füzuli və Zəngilan üzrə yeni şəhər planları, yaşıl enerji və müasir infrastruktur layihələri Azərbaycanın urbanizasiya modeli kimi nümayiş etdirilir. Rəsmi mövqeyə görə, bu layihələr gələcəyin dayanıqlı şəhər konsepsiyasına uyğun şəkildə qurulur".

A. Qarayev bildirib ki, belə beynəlxalq forumlar investisiya baxımından da əhəmiyyətli hesab olunur.

"WUF13 çərçivəsində tikinti, memarlıq, mühəndislik, şəhər texnologiyaları və infrastruktur sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlər Azərbaycan bazarı ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Ekspertlər hesab edirlər ki, forum xüsusilə “yaşıl şəhər”, ağıllı nəqliyyat sistemləri və rəqəmsal idarəetmə sahəsində yeni tərəfdaşlıqlara yol aça bilər. Bu isə uzunmüddətli perspektivdə şəhər infrastrukturu və tikinti sektoruna müsbət təsir göstərə bilər".

Politoloq qeyd edib ki, Forumun turizm və xidmət sektoruna da qısamüddətli təsiri müşahidə olunur.

"Minlərlə xarici qonağın Bakıya gəlməsi hotellər, restoranlar, nəqliyyat və digər xidmət sahələrində iqtisadi aktivliyi artırır. Xarici iştirakçıların sosial şəbəkələrdə Bakı ilə bağlı paylaşdıqları görüntülər isə ölkənin turizm tanıtımına əlavə dəstək verir. WUF13 Azərbaycanın beynəlxalq nüfuzunu artırmaq, Qarabağ layihələrini tanıtmaq, investisiya imkanlarını genişləndirmək və urbanizasiya sahəsində yeni əməkdaşlıqlar qurmaq baxımından əhəmiyyətli platformadır. WUF13 Azərbaycan üçün sadəcə beynəlxalq tədbir deyil, urbanizasiya siyasətində dönüş nöqtəsinə çevrilə bilər", - deyə o qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti