İdman şəhərlərin planlaşdırılmasının və inkişafının ayrılmaz hissəsinə çevrilməlidir - Anaklaudia Rossbax

Cəmiyyət Materials 20 May 2026 13:15 (UTC +04:00)
İdman şəhərlərin planlaşdırılmasının və inkişafının ayrılmaz hissəsinə çevrilməlidir - Anaklaudia Rossbax
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İdman şəhərlərin planlaşdırılmasının və inkişafının ayrılmaz hissəsinə çevrilməlidir.

Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Şəhərlərə idmanın inteqrasiyası” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, idman şəhərləri dəyişdirmək gücünə malikdir və şəhərlərin necə planlaşdırılması, maliyyələşdirilməsi və idarə olunması insanların yalnız harada yaşamasına deyil, həm də necə hərəkət etməsinə, ünsiyyət qurmasına, istirahət etməsinə və özünü cəmiyyətə aid hiss etməsinə birbaşa təsir göstərir.

"Mənzil təminatı, mobillik və ictimai məkanlar şəhərlərin yaşana bilənliyi üçün nə qədər vacibdirsə, idman, rekreasiya və oyun vasitəsilə insanların hərəkət etməsi, əlaqə qurması və inkişaf etməsi üçün əlçatan imkanlar da o qədər önəmlidir. UN-Habitat idmanı getdikcə şəhərlərin infrastrukturunun bir hissəsi kimi nəzərdən keçirir və bu sahəni inklüzivlik, sağlamlıq, təhlükəsizlik və icma rifahı ilə əlaqələndirir", - o bildirib.

Anaklaudia Rossbax qeyd edib ki, BMT-nin Məskunlaşma Proqramı ilə Beynəlxalq Olimpiya Komitəsi arasında artan əməkdaşlıq da məhz bu yanaşmaya əsaslanır. Lakin o vurğulayıb ki, bu proses yalnız institutların gücü ilə həyata keçirilə bilməz.

Onun sözlərinə görə, müxtəlif sektorlar – peşəkarlar, idman sahəsi, şəhərsalma mütəxəssisləri, hökumətlər və maliyyə institutları birgə işləməlidir. O əlavə edib ki, bu sessiya çərçivəsində iştirakçılar gələcəkdə şəhərlərdə idmanın inteqrasiyası ilə bağlı konkret öhdəliklər və ideyalar formalaşdırmalıdırlar.

İcraçı direktor çıxışının sonunda qeyd edib ki, UN-Habitat bu istiqamətdə etibarlı tərəfdaş kimi əməkdaşlığı davam etdirməyə hazırdır.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti