İşğaldan azad edilmiş ərazilərdə kiçik bir cənnət yaratmışıq - Ayaz Mirzəyev

Cəmiyyət Materials 20 May 2026 12:34 (UTC +04:00)
İşğaldan azad edilmiş ərazilərdə kiçik bir cənnət yaratmışıq - Ayaz Mirzəyev
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Film "Yaradan" adlansa da, bu ad metafizik məna daşımır. “Yaradan” burada dağıntılar içindən şəhər yaradan, quran Azərbaycan xalqını ifadə edir.

Trend xəbər verir ki, bunu WUF13 çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş "Yaradan" adlı sənədli filmin təqdimatı zamanı jurnalistlərə açıqlamasında filmin ssenari müəllifi, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev bildirib.

Onun sözlərinə görə, filmin əsas məqsədi azərbaycanlıların yaradıcı xalq olduğunu göstərməkdir. Biz qısa bir müddətdə işğaldan azad edilmiş ərazilərdə kiçik bir cənnət yaratmışıq və “Böyük Qayıdış” prosesini reallaşdırmışıq. İnsanlar artıq həmin ərazilərə qayıdırlar".

Ayaz Mirzəyev qeyd edib ki, bugünkü təqdimatda filmi izləyən xarici qonaqlar daha çox ağıllı şəhər texnologiyaları, yeni infrastruktur, günəş panellərinin istifadəsi ilə maraqlanıblar:

"Biz filmdə həmçinin yaşıl zonalar, dayanıqlı yaşayış məntəqələri və ekoloji yanaşmalar haqqında da məlumat vermişik. Amma bunu klassik təqdimat kimi deyil, insanların dili ilə, onların hekayələri vasitəsilə göstərmişik".

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti