WUF13-də "Mənzil üçün qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası" mövzusunda tədbir keçirilib (FOTO)

İqtisadiyyat Materials 20 May 2026 10:32 (UTC +04:00)
WUF13-də "Mənzil üçün qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası" mövzusunda tədbir keçirilib (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil edilmiş "Mənzil üçün qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası" mövzusunda tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Sovet dövründə qeyri-rəsmi yaşayış məntəqələri (gecəqondular) müəyyən dərəcədə mövcud olsa da, dövlət tərəfindən tanınmayıb. Onun sözlərinə görə, 2003-cü ildən etibarən ölkə iqtisadiyyatında sabitləşmə prosesi başlayıb.

"2003–2020-ci illər növbəti inkişaf mərhələsi oldu. 2020-ci ildən etibarən isə Böyük Qayıdış prosesi başladı. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti və bərpa işləri həyata keçirilir".

Nazir həmçinin qeyd edib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə əhalinin mərhələli şəkildə geri dönüşü ölkədə mənzil təminatı üzərindəki yükün azalmasına əhəmiyyətli təsir göstərir.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax isə çıxışında gecəqonduların transformasiyası üçün hazırlanan tövsiyyə sənədindən danışıb. O bilirib ki, qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası məsələsini üzv dövlətlərlə birlikdə Açıq İşçi Qrupuna hazırda Azərbaycan və Somali liderlik edir:

“Əvvəllər isə Çin və Fransa rəhbərlik edirdi. Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası ilə bağlı müəyyən siyasət tövsiyələri hazırlanıb. Birinci məsələ tanınma, məlumat və statistikanın vacibliyidir. Əgər düzgün məlumatımız yoxdursa, biz SDG 11.1 məqsədini izləyə bilmərik. Şəhər səviyyəsində, milli səviyyədə və statistika qurumları tərəfindən bu ərazilərin rəsmi şəkildə tanınması çox vacibdir”.

O vuğulayıb ki, Qlobal Cənub ölkələrində insanlar şəhərlərə gələndə qeyri-rəsmi yaşayış məntəqələrini təhsil, səhiyyə, iş və digər imkanlara çıxış üçün bir keçid nöqtəsi kimi görürlər:

“Bu məkanların sosial və ekoloji funksiyası da nəzərə alınmalıdır. İnsanların bu torpaqları zəbt etməsi çox vaxt onların yeganə seçimidir və əgər bu yaşayış məntəqələri artıq formalaşıbsa, onları olduqları yerdə inkişaf etdirməliyik.
İkinci mesaj inteqrasiya haqqındadır. Bizə inteqrasiya olunmuş həllər lazımdır. Burada bütün sektorlar birlikdə işləməlidir”.

Cənubi Afrikanın Vitvatersrand Universitetinin Memarlıq Məktəbinin professoru Meri Huxzermeyer isə bildirib ki, San-Paulu, Quançjou və Bakı kimi şəhərlərdəki qeyri-rəsmi yaşayış məntəqələri, o cümlədən tikinti sektorunda çalışan işçilərin qarşılanmamış mənzil tələbatını ödəyib:

"Bir çox şəhərlər əlçatan mənzil fondunu və əsas xidmətləri kifayət qədər genişləndirə bilmədiyi üçün bu ərazilər zamanla aşağı və orta təbəqənin də yaşayış məkanına çevrilib. Qeyri-rəsmi yaşayış məntəqələri son dərəcə mürəkkəb və müxtəlifdir. Bu ərazilər paralel idarəetmə, xidmət və kirayə bazarı sistemləri ilə formalaşır".

Professor qeyd edib ki, bəzi ölkələrdə bu yaşayış məntəqələrindəki kirayə bazarına kiçik ev sahibləri, həmçinin iri investorlar və hətta cinayətkar qruplar nəzarət edir:

"Bu isə yoxsul ailələrin istismarına səbəb olur. Biz bununla bağlı çıxış yolları tapmalıyıq".

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti