WUF13-də “Təbiət üçün əlverişli şəhərlərin yaradılması: mənzil, dayanıqlılıq və dayanıqlı şəhər gələcəyi” mövzusunda sessiya keçirilir

Cəmiyyət Materials 20 May 2026 11:08 (UTC +04:00)
WUF13-də “Təbiət üçün əlverişli şəhərlərin yaradılması: mənzil, dayanıqlılıq və dayanıqlı şəhər gələcəyi” mövzusunda sessiya keçirilir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Təbiət üçün əlverişli şəhərlərin yaradılması: mənzil, dayanıqlılıq və dayanıqlı şəhər gələcəyi” mövzusunda sessiya keçirilir.

Trend xəbər verir ki, tədbirdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Təbiət üçün əlverişli şəhərlərin təşviqi: icra problemlərinin aradan qaldırılması və həll yollarının müəyyənləşdirilməsi” (“Advancing Nature-Positive Cities (NPCs): Overcoming implementation challenges and unlocking solutions”) adlı analitik hesabatı təqdim olunacaq.

Təbiətin dəstəklənməsinə yönəlmiş yanaşmalar, eləcə də şəhər yaşıl infrastrukturunun inkişafı şəhər siyasətinin əsas strategiyalarına çevrilərək, şəhər inkişafının müxtəlif istiqamətləri arasında sinerjinin təmin edilməsində mühüm rol oynayır. Urbanizasiyanın sürətlənməsi fonunda, OECD ölkələrinin funksional şəhər aqlomerasiyalarının 80 faizində 2000–2020-ci illərdə tikinti sahələrinin artımı əhali artımını üstələyib. Bu isə şəhər yaşıl zonalarının azalmasına, istiləşmə və daşqın risklərinin yüksəlməsinə, biomüxtəlifliyin itirilməsinə və resursların əlçatanlığının azalmasına gətirib çıxarıb.

Sessiya çərçivəsində hesabatın əsas nəticələri və təbiət yönümlü həllərin şəhərsalma, infrastruktur, mənzil siyasəti və iqlim dayanıqlılığı strategiyalarına müxtəlif şəraitlərdə necə inteqrasiya olunduğunu nümayiş etdirən innovativ beynəlxalq təcrübələr təqdim ediləcək.

Müzakirələr torpaq istifadəsi və sosial ədalətlə bağlı kompromislərin idarə olunması, texniki standart və tövsiyələrin hazırlanması, dayanıqlı maliyyələşmənin səfərbər edilməsi, eləcə də qiymətləndirmə və monitorinq sistemlərinin gücləndirilməsi daxil olmaqla, praktiki icra məsələlərinə həsr olunacaq.

Tədbir beynəlxalq təşkilatların, milli hökumətlərin, şəhər və aqlomerasiya hakimiyyətlərinin nümayəndələrini, həmçinin ekspert və praktikləri bir araya gətirərək, təbiət yönümlü yanaşmaların mürəkkəbliyinin daha dərindən anlaşılması və mümkün innovativ həllərin müzakirəsi üçün aktual platforma təqdim edəcək.

Qeyd edək ki, bu gün Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) dördüncü günü keçirilir. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən forumun bugünkü proqramı urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunub.Dördüncü gün çərçivəsində “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”, “Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı” mövzularında dialoqlar, xüsusi sessiyalar və dəyirmi masalar keçiriləcək.

Forum iştirakçıları urbanizasiya proseslərinin sosial inklüzivlik, yaşıl iqtisadiyyat və iqlim dayanıqlılığı prinsipləri əsasında inkişaf etdirilməsinin vacibliyini qeyd ediləcək. Sessiyalarda həmçinin şəhərlərin gələcək inkişafında innovativ həllər, təmiz enerji, dayanıqlı nəqliyyat və rəqəmsal texnologiyaların rolu geniş müzakirə olunacaq.WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, yaşıl urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Ahmet Metin Genç imzalayıblar.Memorandum iki şəhər arasında şəhərsalma, mədəniyyət, turizm və yerli idarəetmə sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Forumun ilk iki günü də yüksək səviyyəli tədbirlər və müzakirələrlə müşayiət olunub.İlk gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, nazirlərin dəyirmi masası, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhər rifahı ilə bağlı müzakirələr keçirilib. Eyni zamanda, BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi təşkil olunub.İkinci gün isə ilk dəfə təşkil edilən Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhər dayanıqlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı da baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq baxımından mühüm addım kimi qiymətləndirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Xəbər yenilənəcək

Məqalədə:

Xəbər lenti

Xəbər lenti