Bakı.Trend:
Bu günlərdə Bakı yalnız şəhərlərin gələcəyinin müzakirə olunduğu qlobal platformaya deyil, həm də mədəniyyət və ənənələrin əsl podiumuna çevrilib. 182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında ( WUF13) qonaqların diqqətini təkcə innovativ urbanistika layihələri və futuristik pavilyonlar deyil, həm də dünyanın müxtəlif ölkələrindən gələn nümayəndə heyətlərinin milli geyimləri cəlb edir.
Bu barədə Trend xəbər verir.
Mayın 17-dən 22-dək UN-Habitat BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilən forum yalnız memarların, urbanistlərin və siyasətçilərin deyil, həm də müxtəlif qitələrin mədəni ənənələrinin görüş məkanına çevrilib.
İştirakçıların milli geyimlərdə görünməsi sərgi pavilyonlarının dəhlizlərini anındaca canlı etnoqrafik ekspozisiyaya çevirir, zəriflik və çoxəsrlik tarixi özündə birləşdirən ənənəvi geyimlərlə milli kimliyi nümayiş etdirir.
Ultra müasir stendlər və rəqəmsal təqdimatlar fonunda milli geyimlər şəhərlərin dayanıqlı inkişafının mədəni irsin və milli kimliyin qorunması olmadan mümkün olmadığını xatırladan özünəməxsus bir mesaj kimi çıxış edir.
Bu il WUF13-də 41 milli pavilyon daxil olmaqla ümumilikdə 121 pavilyon təqdim olunur. Forum “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusu altında keçirilir və qlobal mənzil böhranı, dayanıqlı urbanizasiya, iqlim çağırışları və müasir şəhər idarəçiliyi məsələlərini əhatə edir.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
