Müstəmləkəçilik siyasi və sosial bərabərsizliyin mənbəyi olaraq qalır - BMT eksperti

Cəmiyyət Materials 20 May 2026 11:56 (UTC +04:00)
Müstəmləkəçilik siyasi və sosial bərabərsizliyin mənbəyi olaraq qalır - BMT eksperti
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Müstəmləkəçilik hətta müasir dövrdə də xalqların siyasi, sosial və iqtisadi vəziyyətinə təsir göstərməkdə davam edir.

Trend xəbər verir ki, bunu beynəlxalq hüquq üzrə mütəxəssis və BMT sisteminin keçmiş əməkdaşı Riçard Bayron-Koks Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Dekolonizasiya prosesində gənclərin şəhərsalmada oynadığı rol” adlı beynəlxalq konfrans zamanı deyib.

“Müstəmləkəçilik heç vaxt müstəmləkə altında olan xalqların maraqlarına xidmət etməyib. Burada yaxşı heç nə yoxdur”,- deyə o bildirib.

Çıxışı zamanı Bayron-Koks Karib regionunda yerləşən və Niderland Krallığının tərkibində olan Bonaire adasındakı vəziyyəti təqdim edib.

Onun sözlərinə görə, adada yoxsulluq, mənzil, təhsil və siyasi hüquqlarla bağlı problemlər birbaşa müstəmləkə irsi ilə əlaqəlidir.

“Mənzil, yoxsulluq və təhsil problemləri daha geniş problemin- məhz müstəmləkəçiliyin nəticəsidir”, — deyə o qeyd edib.

Bayron-Koks vurğulayıb ki, xalqların öz müqəddəratını təyin etmək hüququ beynəlxalq hüquqda və BMT Nizamnaməsində təsbit olunub.

“Beynəlxalq hüquq yalnız dövlətlərin deyil, xalqların da öz müqəddəratını təyin etmək hüququndan bəhs edir”, — deyə o bildirib.

Qeyd edək ki, bu gün Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) dördüncü günü keçirilir. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən forumun bugünkü proqramı urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunub.Dördüncü gün çərçivəsində “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”, “Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı” mövzularında dialoqlar, xüsusi sessiyalar və dəyirmi masalar keçiriləcək.

Forum iştirakçıları urbanizasiya proseslərinin sosial inklüzivlik, yaşıl iqtisadiyyat və iqlim dayanıqlılığı prinsipləri əsasında inkişaf etdirilməsinin vacibliyini qeyd ediləcək. Sessiyalarda həmçinin şəhərlərin gələcək inkişafında innovativ həllər, təmiz enerji, dayanıqlı nəqliyyat və rəqəmsal texnologiyaların rolu geniş müzakirə olunacaq.WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, yaşıl urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Ahmet Metin Genç imzalayıblar.Memorandum iki şəhər arasında şəhərsalma, mədəniyyət, turizm və yerli idarəetmə sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Forumun ilk iki günü də yüksək səviyyəli tədbirlər və müzakirələrlə müşayiət olunub.İlk gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, nazirlərin dəyirmi masası, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhər rifahı ilə bağlı müzakirələr keçirilib. Eyni zamanda, BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi təşkil olunub.İkinci gün isə ilk dəfə təşkil edilən Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhər dayanıqlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı da baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq baxımından mühüm addım kimi qiymətləndirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti