Bakı. Trend:
Dağlıq ərazilərdə yerləşən şəhər və yaşayış məntəqələrinin dayanıqlı inkişafı üçün optimal həllərin hazırlanması BMT-Habitat təşkilatının fəaliyyətinin vacib istiqamətlərindən biridir.
Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Erfan Ali WUF13 çərçivəsində keçirilən “Dağ yaşayış məntəqələrinin dayanıqlı inkişafı” mövzusunda tədbirin iştirakçılarına müraciətində deyib.
O vurğulayıb ki, “Dağlıq ərazilərdə yerləşən şəhərlər üçün mənim rayonum” adlı xüsusi məqsədli proqramı dağ yaşayış məntəqələrinin problemlərinə həsr olunub.
“Bu təşəbbüs həssas dağ ekosistemlərinin idarə olunması üçün şəhərsalma strategiyalarını təqdim edir və əhali artımı ilə iqlim dəyişikliklərinə davamlılıq, biomüxtəlifliyin qorunması və təbii fəlakət risklərinin azaldılması arasında balansın təmin olunmasını nəzərdə tutur.
Proqram yüksək dağlıq və dağ regionlarında həyat fəaliyyətinin təmin edilməsinin spesifik aspektlərini, xüsusilə iqlim dəyişiklikləri və təbii fəlakətlərə davamlılıq baxımından nəzərdən keçirir. Bu isə dağ yaşayış məntəqələrinin təbii kataklizmlər və ekstremal temperatur şəraitində yüksək həssaslığı nəzərə alınmaqla xüsusilə актуal məsələdir”.
Erfan Ali əlavə edib ki, “UN-Habitat” mədəni xüsusiyyətləri, iqlim şəraitini, biomüxtəlifliyin qorunması və dağ landşaftlarının mühafizəsi zərurətini nəzərə alan şəhərsalma metodlarını təşviq edir. Bu metodlar şəhərlərin həddindən artıq genişlənməsinin qarşısını almaq üçün kompakt və qarşılıqlı əlaqəli şəhər planlaşdırılmasına yönəlib.
“Əsas prioritetlər dağ yaşayış məntəqələrinin yaşayış qabiliyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin və inklüzivliyinin təmin olunmasıdır.
UN-Habitat bu sahədə MDB ölkələrinin nümayəndəlikləri, xüsusilə Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan kimi ölkələrlə fəal əməkdaşlıq edir”.
Regional direktor qeyd edib ki, MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının səylərini olduqca vacibdir.
“Bu istiqamətdə dağ ərazilərinin dayanıqlı inkişafı üzrə model konsepsiyanın hazırlanması və qəbul edilməsi xüsusi yer tutur.
Biz gələcəkdə də MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının müvafiq təşəbbüslərini dəstəkləmək və dayanıqlı inkişaf üzrə ümumi məqsədlərə nail olmaq üçün birgə işi daha da aktivləşdirmək niyyətindəyik”.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
