Bakı. Trend:
Yalnız iri şəhərlərin deyil, həm də xüsusi və kompleks yanaşma tələb edən ərazilərin dayanıqlı inkişaf məsələlərinin müzakirəsi xüsusi aktuallıq kəsb edir.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Mübariz Qurbanlı WUF13 çərçivəsində keçirilən “Dağ yaşayış məntəqələrinin dayanıqlı inkişafı” mövzusunda tədbirin iştirakçılarına müraciətində deyib.
Millət vəkili vurğulayıb ki, balanslı inkişafdan danışarkən dağ regionlarını diqqətdən kənarda qoymaq mümkün deyil. Dağ əraziləri sadəcə uzaq bölgələr deyil, onlar strateji resurs hesab olunur. Bu ərazilər yüksək turizm potensialına, ekoloji təmiz kənd təsərrüfatının inkişafı üçün geniş imkanlara malikdir.
Deputat xatırladıb ki, Azərbaycanda dağ ərazilərinin ümumi regional inkişaf strategiyasının bir hissəsi kimi inkişaf etdirilməsi məsələsi illəri əhatə edən regionların inkişafına dair dövlət proqramlarında öz əksini tapıb:
“Həmin proqramların hamısında kənd və dağlıq ərazilərin inkişafı prioritet istiqamət kimi müəyyən olunub. Əsas istiqamətlər sırasında infrastrukturun inkişafı, kənd təsərrüfatının dəstəklənməsi, yeni iş yerlərinin yaradılması və sahibkarlığın inkişafı dayanır”.
M.Qurbanlı əlavə edib ki, bu prioritetlər həmçinin balanslaşdırılmış regional inkişafın təmin edilməsinə yönəlmiş “Azərbaycan 2030” strategiyasında da təsbit olunub:
“Bununla yanaşı, çətin əlçatan və dağlıq rayonların sakinləri üçün əlavə dəstək tədbirləri tətbiq edilir. Buraya çətin yaşayış və əmək şəraitini nəzərə alan əməkhaqqı əlavələri və sosial güzəştlər daxildir”.
Parlamentari vurğulayıb ki, “Böyük Qayıdış” proqramı çərçivəsində azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri həyata keçirilir və həmin ərazilərin böyük hissəsi dağlıq zonalarda yerləşir:
“Müasir nəqliyyat, enerji və rəqəmsal infrastruktur yaradılır, yaşayış səviyyəsi yüksəldilir və yeni iqtisadi imkanlar formalaşdırılır. Artıq bu gün Qarabağ və Şərqi Zəngəzurda 85 mindən çox insan yaşayır və fəaliyyət göstərir. Bu ərazilər tədricən ölkənin yeni iqtisadi inkişaf mərkəzlərinə çevrilir”.
Deputatın fikrincə, dağ regionlarından danışarkən onların turizm potensialını da xüsusi vurğulanmalıdır:
“Azərbaycan ərazisinin təxminən 60 faizini Böyük və Kiçik Qafqaz dağları, eləcə də Talış dağları təşkil edir. Bu bölgələrdə turizm sürətlə inkişaf edir. Xüsusilə “Şahdağ” və “Tufandağ” kimi məşhur turizm mərkəzləri fəaliyyət göstərir. Bununla yanaşı, Xınalıq, Lahıc və digər ərazilərdə ekoturizm və kənd turizmi də genişlənir”.
M.Qurbanlı bildirib ki, Azərbaycanın azad edilmiş əraziləri tarixən yüksək turizm potensialı ilə seçilib:
“Xüsusilə Kəlbəcər rayonu “İstisu” kurortu ilə, Laçın özünəməxsus təbiəti ilə, Şuşa şəhəri isə zəngin tarixi-mədəni irsi və turistik məkanları ilə tanınıb. Azad edildikdən sonra həmin ərazilərdə turizm infrastrukturunun bərpası və inkişafı istiqamətində genişmiqyaslı proqramlar həyata keçirilir. Müasir turizm şəraiti yaradılır, yeni obyektlər və turizm mərkəzləri inşa olunur. Regionun ölkənin əsas turizm istiqamətlərindən birinə çevrilməsi üçün fəal iş aparılır. Bu isə əlavə gəlir mənbələrinin yaranmasına və yerli icmaların dayanıqlı inkişafına töhfə verir”.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
