Azərbaycanda ekoloji baxımdan dayanıqlı şəhərlərin yaradılmasına yönəlmiş dövlət siyasəti həyata keçirilir - Deputat

İqtisadiyyat Materials 20 May 2026 13:07 (UTC +04:00)
Azərbaycanda ekoloji baxımdan dayanıqlı şəhərlərin yaradılmasına yönəlmiş dövlət siyasəti həyata keçirilir - Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycanda müasir, təhlükəsiz və ekoloji baxımdan dayanıqlı şəhərlərin yaradılmasına yönəlmiş genişmiqyaslı dövlət siyasəti həyata keçirilir.

Trend xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, deputat Fatma Yıldırım WUF13 çərçivəsində keçirilən “Dağ yaşayış məntəqələrinin dayanıqlı inkişafı” mövzusunda tədbirdə deyib.

Millət vəkili vurğulayıb ki, bu strategiyada işğaldan azad edilmiş ərazilərin bərpası xüsusi yer tutur:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində innovasiyalara, "yaşıl enerji"yə, rəqəmsal texnologiyalara və dayanıqlı infrastruktur prinsiplərinə əsaslanan tamamilə yeni inkişaf modeli — “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası formalaşdırılır.

Bu, yalnız genişmiqyaslı tikinti prosesi deyil, həm də insan mühitinin bərpası, həyatın, mədəniyyətin, sosial ədalətin və tarixi yaddaşın azad olunmuş torpaqlara qaytarılmasıdır. Azərbaycan bu gün dünyaya göstərir ki, dağıntılardan sonra ən yüksək beynəlxalq standartlara cavab verən müasir yaşayış məkanları yaratmaq mümkündür”.

Deputatın fikrincə, dağlıq yaşayış məntəqələrinin və ucqar regionların inkişafına xüsusi diqqət yetirilməlidir:

“Dünyanın bir çox ölkəsində məhz dağlıq ərazilər infrastruktur, nəqliyyat, təhsil və səhiyyə xidmətlərinə çıxış baxımından ciddi məhdudiyyətlərlə üzləşir. Azərbaycan dağlıq regionların inkişafı sahəsində zəngin təcrübəyə malikdir və bu istiqamətdə sosial infrastrukturun yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, ekoturizmin inkişafı, təbii və mədəni irsin qorunmasına yönəlmiş proqramlar həyata keçirir.

Uzun illər davam edən dağıntılardan sonra dağlıq yaşayış məntəqələrinin dirçəldilməsi bizim üçün yalnız iqtisadi deyil, eyni zamanda mühüm humanitar əhəmiyyət daşıyır. Belə ərazilərin inkişafına müasir yanaşma ilk növbədə ekoloji dayanıqlılıq, rəqəmsal əlçatanlıq və əhalinin həyat keyfiyyətinin yüksəldilməsi prinsiplərinə əsaslanmalıdır”.

F.Yıldırım qeyd edib ki, müasir şəhərlər ilk növbədə cəmiyyətin həyat keyfiyyətinin göstəricisidir.

“Bu gün biz yalnız binaların və yolların tikintisindən deyil, həm də inklüziv mühitin yaradılmasından, əlçatan təhsildən, mədəni inkişafdan, ekoloji təhlükəsizlikdən və sosial dayanıqlılıqdan danışmalıyıq. Xüsusilə gənclərin, qadınların, vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların dayanıqlı şəhər həllərinin formalaşdırılmasında iştirakı böyük əhəmiyyət daşıyır. Yalnız birgə səylərlə elə şəhərlər yaratmaq mümkündür ki, orada rahatlıq, təhlükəsizlik və imkanlar hər bir insan üçün əlçatan olsun”, - deyə o çıxışını yekunlaşdırıb.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti