Bakı. Trend:
Mədəni irs bir dəyərdir və həm mədəni, həm də iqtisadi layihələrdə bu mütləq nəzərə alınmalıdır. Şəhərlərin yenidən qurulması prosesində onun öz siması, xarakteri və identikliyi qorunmalıdır.
Trend xəbər verir ki, bunu Mərakeş Krallığının Mənzil Məsələləri üzrə Milli Ərazi, Şəhərsalma, Mənzil və Şəhər Siyasəti Nazirinin Dövlət Katibi Ədib Benbrahim Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində təşkil olunan "Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər yenilənməsi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, məşğulluq məsələlərini gücləndirən, sosial rifah gücləndirən layihələr həyata keçirilməlidir:
"Şəhərin və məhəllənin identikliyi mütləq şəkildə qorunmalıdır. Bina sökülüb yenidən tikilirsə, bu proses də diqqətlə planlaşdırılmalı, tarixi və sosial dəyər mütləq nəzərə alınmalıdır.
Bəzən insanların yaşadığı ərazilərdən köçürülməsi zəruri olur, lakin bu, həm sosial, həm də iqtisadi baxımdan çox ağır və baha başa gələn bir prosesdir. Mərkəzləşdirilmiş şəhərsalma yanaşmalarında bu məsələlərlə bağlı bir çox təşəbbüslər irəli sürülüb. Bizdə də binaların bərpası ilə bağlı 92 planlama layihəsi həyata keçirilib. Şəhər regenerasiyası sadəcə şəhərin yenilənməsi demək deyil. Bu, köhnə məhəllələrin bərpası, şəhərin tarixiliyinin qorunması və müasir tələblərlə uyğunlaşdırılması deməkdir. Binalar yenilənərkən onların tarixi əhəmiyyəti və mədəni dəyəri mütləq nəzərə alınmalıdır".
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
