Dayanıqlı inkişaf mədəni irsin qorunması olmadan tam şəkildə həyata keçirilə bilməz - Rossbax

Cəmiyyət Materials 20 May 2026 14:19 (UTC +04:00)
Dayanıqlı inkişaf mədəni irsin qorunması olmadan tam şəkildə həyata keçirilə bilməz - Rossbax
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Şəhərin transformasiyası sahəsində həll edilməli problemlər və mövcud boşluqlar olduqca çoxdur və bu məsələlərə sistemli yanaşma tələb olunur.

Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər rejenerasiyası” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, bu çətinliklərin aradan qaldırılması şəhərsalma siyasətinin əsas prioritetlərindən biri olmalıdır:

"Gələcəyin şəhərləri barədə danışarkən yalnız gələcəyə fokuslanmaq kifayət etmir, eyni zamanda keçmişin təcrübəsinə və tarixi şəhər inkişafının dərslərinə də diqqətlə baxmaq lazımdır. Çünki dayanıqlı şəhər modeli həm müasir yanaşmaları, həm də tarixi konteksti nəzərə alan balanslı bir inkişafdan formalaşır.

BMT bu məsələlərin həllində vahid bir ailə kimi fəaliyyət göstərməli, üzv ölkələr arasında koordinasiyanı gücləndirməli və şəhər transformasiyası prosesində inklüziv, ədalətli və dayanıqlı yanaşmaların təşviqinə dəstək verməlidir. Biz də mədəni irs məsələsinə və onun qorunmasına ayrıca bir inkişaf istiqaməti kimi baxırıq. Mədəni irsin qorunması yalnız keçmişin saxlanılması deyil, həm də gələcək şəhərlərin kimliyinin formalaşması deməkdir. Mədəni inkişaf bu komponent olmadan mümkün deyil, eyni zamanda dayanıqlı inkişaf da mədəni irsin qorunması olmadan tam şəkildə həyata keçirilə bilməz".

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti