Azərbaycan şəhərsalma üzrə qlobal dialoq məkanına çevrilib - AMEA prezidenti

Cəmiyyət Materials 20 May 2026 15:07 (UTC +04:00)
Azərbaycan şəhərsalma üzrə qlobal dialoq məkanına çevrilib - AMEA prezidenti
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Şəhərsalma fəaliyyəti forumunun bugünkü gedişatı bizə belə düşünməyə əsas verir ki, Azərbaycan artıq şəhərlər üzrə böyük bir dialoq məkanına çevrilib.

Bu fikirləri Trend-ə açıqlamasında AMEA-nın prezidenti İsa Həbibbəyli deyib.

O bildirib ki, humanitar və digər sahələrdə dünyanın əsas dialoq platformalarından biri olan Azərbaycan bu gün şəhərsalma istiqamətində də qlobal dialoqun vətəni və məkanı kimi mühüm funksiyaları böyük uğurla yerinə yetirir.

“Azərbaycanda, xüsusilə Bakı şəhərinin timsalında bunu aydın görmək mümkündür. Bir tərəfdən İçərişəhər nümunəsində klassik memarlıq ənənələri qorunub saxlanılıb, digər tərəfdən isə müasir Bakı layihələri və yeni şəhər massivləri vasitəsilə çağdaş urbanizmin bütün xüsusiyyətləri öz əksini tapıb. Bu mənada Azərbaycan həm tarixi memarlıq irsini yaşadan, həm də müasir şəhərsalma prinsiplərini yüksək səviyyədə inkişaf etdirən ölkə kimi forum iştirakçılarına öz təcrübəsini təqdim edir”, – deyə o qeyd edib.

İ.Həbibbəyli vurğulayıb ki, forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən gəlmiş nümayəndələr Azərbaycan şəhərsalma modelini yaxından tanımaq imkanı əldə ediblər.

AMEA prezidenti bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının memarlıq və şəhərsalma sahəsində çalışan mütəxəssisləri də dünya memarlığının yeni tendensiyaları barədə geniş məlumatlar əldə ediblər.

“Bir çox memarlarımız xarici tərəfdaşlarla yeni əlaqələr qurdu və əməkdaşlıq imkanlarını müzakirə etdi. Bu forum yalnız müzakirə platforması deyil, həm də gələcək əməkdaşlıqlar üçün mühüm bir körpüdür”, – deyə o əlavə edib.

İ.Həbibbəyli qeyd edib ki, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları forum çərçivəsində əldə olunan yeni bilik və təcrübələri gələcək elmi fəaliyyətlərində tətbiq edəcəklər.

Onun sözlərinə görə, hazırda akademiyada şəhərsalma, memarlıq terminologiyası və xüsusi lüğət bazasının hazırlanması istiqamətində də işlər davam etdirilir.

“Məqsəd həm milli memarlıq məktəbinin inkişafına töhfə vermək, həm də beynəlxalq təcrübənin Azərbaycanda tətbiqinə elmi dəstək göstərməkdir”, – deyə AMEA prezidenti vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti