Bakı. Trend:
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Yeni Şəhər Gündəliyinə yeni nəfəs: Dayanıqlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası” mövzusunda yüksək səviyyəli forum keçirilir.
Trend xəbər verir ki, tədbir IDEA İctimai Birliyi və Təmiz Hava Fondunun birgə təşkilatçılığı ilə təşkil olunub.
Forum çərçivəsində təmiz havanın şəhərsalma proseslərinin əsas komponentlərindən biri kimi urban planlaşdırmaya inteqrasiyası məsələləri müzakirə edilir. Tədbirdə siyasətçilər, ekspertlər və şəhərsalma sahəsində fəaliyyət göstərən mütəxəssislər bir araya gələrək yaşayış məntəqələrinin planlaşdırılması, infrastrukturun qurulması və şəhər dizaynında hava keyfiyyətinin nəzərə alınmasının vacibliyini vurğulayırlar.
Müzakirələr zamanı təbiət əsaslı həllər, innovativ şəhər dizaynı, aerodinamik urbanizm və məlumat əsaslı idarəetmə alətləri kimi müxtəlif yanaşmalar təqdim olunur. Eyni zamanda, iqlimə davamlı planlaşdırmanın və sağlam şəhər mühitinə bərabər çıxış imkanlarının əhəmiyyəti ön plana çəkilir.
Tədbirin əsas məqsədləri sırasında hava keyfiyyətinin şəhər inkişafı və planlaşdırılması proseslərinin mərkəzinə yerləşdirilməsi, yaşıl infrastruktur və şəhər dizaynı strategiyalarının təşviqi, iqlim adaptasiyası, ekoloji dayanıqlılıq və ictimai sağlamlıq arasında əlaqələrin gücləndirilməsi yer alır.
Bundan əlavə, forumda inklüziv şəhər siyasətlərinin təşviqi, insanların hava çirklənməsinə məruz qalmasının azaldılması və hava keyfiyyəti məsələlərinin WUF gündəliyinə daxil edilməsinin vacibliyi də vurğulanır.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Xəbər yenilənəcək
